O ki sənin dövlətinin bayrağı qalxır, himn səslənir, bax bu əsl xoşbəxtlikdir - Alla Həsənova

Bölmə: İdman › ,
Tarix: 12:53 24.07.2023

Əməkdar məşqçi Alla Həsənova

 

Komanda oyunları ən çətinlərindən hesab olunur. Gəlin bu idman növlərindən biri olan voleybolu gimnastika ilə müqayisə edək. Görərik ki, gimnastika yarışlarında meydanda bir idmançı var, amma voleybolda minimum altı. Buna görə də, belə idman növlərini yumruğa bənzədirəm. Əgər baymaqlardan biri əskik olsa, yumruq tamamlana bilməz. Burda bir oyunçu ilə yox, fərqli psixologiyalara sahib insanlarla məşğul olmaq lazımdır. Hər oyunçunun fərqli məsuliyyətləri var. Öhdəlikləri onların psixologiyalarına təsir göstərir. Buna görə də, onlarla fərqli davranılmalıdır. Məsələn, top paylayıcı ilə danışarkən ona qışqırmaq olmaz. Özgüvən vermək lazımdır. Liberanın bəzən üstünə gedilməlidir, bəzənsə rahat buraxmaq. Bütün bu münasibətləri tənzimləmək heç də asan deyil.

 

 

Biz volleybol üçün idmançıları götürəndə boylarına diqqət edirik. Bu çox vacibdir, çünki volleybolu hündürboylular daha yaxşı oynayırlar. Bu gün isə Azərbaycanda boy məsələsi problemdir. Ucaboy idmançı tapa bilmirik. O vaxt məni volleybola qəbul etdikləri zaman anamı görmək istəmişdilər. Səbəbsə anamın boyu idi. Əgər valideyn hündürboy olarsa, uşağın boyunun uzanma ehtimalı var. Genetikadan qaçmaq olmur, amma təəssüflənməyə dəyməz. Çünki voleybolda qısaboylulara da ehtiyac var. Libera kimi. O hücum ilə deyil, sadəcə, müdafiə ilə məşğuldur. Qısaboy olmaq onun üçün daha əlverişlidir.

 

Komanda qurarkən boyu, gücü, hündürə tullanmaq bacarığını-hər şeyi hesablayırıq. Bir oyunçuda çatmayanı digər oyunçu ilə kompensasiya edirik. Mənim yoldaşım da məşqçidir. Onunla müqayisədə mən daha sərtəm. Bəlkə də fərqimiz onun professsional idmançılara, mənim isə uşaqlara məşqçilik etməmdədir. Böyüklərdən ibarət komanda ilə kiçiklərdən ibarət komandanı eyni şəkildə idarə etmək olmaz. Bizim vaxtımızda Faiq müəllimim mənimlə danışmırdı. Mənim psixologiyamı yaxşı bilirdi. Ondan çəkinirdim. Hətta o qədər çəkinirdim ki, onun üzünə baxa bilmirdim. Siz məktəbdə müəllimdən ehtiyat etməmisiniz? Təbii ki, etmisiniz. İdmanda da belədir. şaqların psixologiyası elədir ki, onlara qışqırmaq olmaz. Çünki idmana olan həvəsləri soyuya, ölə bilər. Əslində, qorxmaq, çəkinmək yox, hörmət saxlamaq lazımdır.

 

Uşaq zala gələndə atdığı addımından, baxışından hansı psixologiyada olduğu sezilir. Məşqçinin təcrübəsi bunu seçməyi bacarır. Artıq iki məşqdən sonra bu şəxsin volleybola uyğun olub olmadığı bilinir. Bəzən valideynə izah olunur. O isə düşünür ki, sən qovursan, başından edirsən. Bəlkə də, həqiqətən bizi anlasalar, övladlarını başqa idman növünə yönəldərlər. Nəticədə, daha uğurlu olar. Öz həyat təcrübəmdən misal göstərmək istəyirəm. Uşaq vaxtı müəllimlərim perspektivli olduğumu düşünürdülər. Müəyyən rejimim vardı, idmana gedib gəlirdim. Amma bir gün volleybolla məşğul olmaq və məşqə getmək istəmədiyimi bildirdim. Valideynim bunu qəbul etmədi. Məşqçim isə valideynimə dedi ki, heç nə etməyin, sərbəst buraxın. Nəticədə, idmandan uzaq qaldım. Yalnız məktəb, ev və gəzmək. Artıq hiss elədim ki, məndə nə isə çatmır. Və geri qayıtmaq istədim. Müəllimim mənə çox professional yanaşma göstərdi. Bu, doğru yanaşma idi.

 

Uşağı sıxmaq olmaz. Burda güclü olmaq lazımdır. Hə, mən də ağlamışam. O qədər evə ağlaya-ağlaya getmişəm ki. Meşədə kim yaşayır, güclülər. Həyatda da güclülər hər şeyə qalib gəlirlər. Zəiflər məğlub olurlar. Hələ bu komanda işidirsə, ayaqda qalmağa özünü məcbur etməlisən. İstər oyunçu, istər məşqçi kimi güclü olmalısan. Qələbəyə də, məğlubiyyətə də hazır olmaq gərəkdir. Professional idman müharibə kimidir. İdmançıların bayramı qələbədən sonradır. O ki sənin dövlətinin bayrağı qalxır, himn səslənir, bax bu əsl xoşbəxtlikdir.

 

Aydan Qasımova