“Drift"a hazırsınızmı?

Bölmə: İdman › ,
Tarix: 11:01 31.07.2023

Yaponiyada yaranan drift Amerika və Avropa ölkələrində olduğu kimi Azərbaycanda da tez bir zamanda məşhurlaşdı. Ölkəmizdə avtomobil idmanının bu növünə böyük maraq hiss olunur. Gənclər peşəkar pilot olmaq üçün həvəs göstərir. Xüsusilə Formula 1 yarışlarının Bakıda keçirilməsi driftin inkişafına da təkan verir.


Fərid Quliyev artıq 6 ildir ki, hər dəfə sükan arxasına əyləşib yüksək sürətlə sərt döngələrdə manevrlər edir. Avtomobil idman növlərinə böyük marağı olduğundan günlərin birində özünü bu sahədə sınamaq qərarına gəlir. Müsahibim deyir ki, Bakıda keçirilən drift çempionatını fürsət bilən pilot yarışlara qatılır. Burada göstərdiyi nəticələrdən ruhlanan Fərid Quliyev peşəkarlığını daha da artırmaq üçün məşqlərə başlayır. Peşəkar pilot küçələrdə şəxsi avtomobilləri ilə təhlükəli manevrlər edən gənclərə də səslənərək onları treklərə dəvət edir: “Sərt döngələrdə pilotların etibarlı dostu olan drift avtomobilləri digərlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Mexaniklər bu nəqliyyat vasitəsini hazırlayarakən əsas sükan arxasında əyləşən şəxsin təhlükəsizliyinə diqqət edirlər. Yarış zamanı hər hansı arzuolunmaz hadisə yaşanarsa idarəçinin xilas olması üçün vasitələrin olması mühüm amil hesab edilir”.


Fərid Qulliyev deyir ki, driftkarın xarici detalları ilə yanaşı, salonu da fərqli qruluşda hazırlanır. Burada əsas amil sürücünün təhlükəsizliyi ilə yanaşı həm də rahatlığıdır. Yarış zamanı yüksək sürətlə döngələrə girən avtomobildə silkələnmə çox olduğundan pilotun idarəetməyə hakim olamsı üçün kəmərlərdən istifadə və əyləcin əl çatan olması vacibdir.


Beynəlxalq yarışlarda ölkəmizi təmsil edən pilot Quliyevin özlərinə görə, qonşu ölkələrdə olduğu kimi bizdə də treklərin sayının artırlması və məharətli gənclərin üzə çıxarılması üçün şəraitin yaradılması arzuolunandır.


Qasım