AzTV və İTV-nin tipoloji xarakterini nəzərə almaq lazımdır

Bölmə: MEDİA › ,
Tarix: 13:38 12.03.2015

Azərbaycan teleməkanı son vaxtlar daha çox tənqid edilir, iradlar bildirilir. Bu iradları qəbul etməyən televiziya kanallar isə auditoriyanın marağını nəzərə aldıqlarını bəyan edirlər. İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım şurası sədri Cahangir Məmmədli Azərbaycan teleməkanallarının bugünkü durumu ilə bağlı İnformator.az saytının suallarını cavablandırıb.  


-Cahangir müəllim, bu gün televiziya kanallarında biznes maraqları nə dərəcə öndədir?

-Azərbaycanda və bütün dünyada kommersiya televiziya kanallarında biznes maraqları, əlbəttə ki, öndədir. Biz bəzən onlara özəl kanal deyib qarışdırırıq, onların adı kommersiya kanallarıdır. Yəni, kommersiya məqsədi ilə yaradılmış kanallardır. Belə kanallar biznes işi görməsələr, kanalları yarada, idarə edə və ya saxlaya bilməzlər. Onların maliyyə dayağı reklam bazarı olduğuna görə, bizim bəzən bəyənmədiyimiz proqramlar belə telekanallarda görünür. Həmin proqramların Azərbaycan efir mühitində reytinqi yüksək olur və biz nə qədər qınasaq da efirdə özünə yer tapır. Lakin Azərbaycanda reklam bazarı tam mənada formalaşandan və Azərbaycan tamaşaçısı maarifçilik mühitinə öyrənəndən sonra cəmiyyətə zərər verə biləcək proqramlar ikinci plana keçəcək. Bununla da tamaşaçılar daha ağıllı verilişlər tələb edəcəklər.

-Aparıcılar arasında qeyri-peşəkarlar, yoxsa peşəkarlar üstünlük təşkil edir?

-Bəzən Azərbaycan telemühitində aparıcı yoxdur deyirlər. Amma Azərbaycan teleməkanında Azərbaycan telemühitinə uyğun aparıcılar var. Hətta elə aparıcılar var ki, onları Türkiyə və Rusiya aparıcıları ilə müqayisə etmək olar. Azərbaycanda analitik-informasiya proqramları, xəbər proqramları aparanlar, ümumiyyətlə, jurnalistika məsələsi ilə məşğul olan aparıcılar daha maraqlıdır və onlara o qədər də irad tutmağa bizim haqqımız yoxdur. Onlar getdikcə daha çox peşəkarlaşırlar.

Azərbaycanda televiziya rəqabət dünyasına 90-cı illərin ortalarından gəlib. Azərbaycanda televiziya 1956-cı ildə, Türkiyədə isə 1968-ci ildə yaranıb. Bununla belə, Türkiyə 90-cı illərin əvvələrinə neçə yüz televiziya kanalı ilə, Azərbaycan isə bir televiziya kanalı ilə gəlib çıxdı. Beləliklə, Türkiyə telekanallarında rəqabət dünyası çoxdan formalaşıb. Bizim efirdə isə rəqabət çox zəifdir. Rəqabət nə vaxt tam güclənsə, reklam bazarı o rəqabəti tələb eləsə, onda bizim aparıcılar məcbur olacaqlar ki, ciddi peşəkar səviyyəsinə qalxsınlar. Bununla yanaşı bugünkü vəziyyətdə mən on və ya ondan bir qədər az analitik proqramlar aparıcısı saya bilərəm ki, onlar şəxsən mənim üçün çox maraqlıdırlar və onlara diqqətlə qulaq asıram.

-İctima Televiziyada (İTV) əyləncə, şou-biznes xarakterli proqramlar çoxluq təşkil edir, yoxsa balans gözlənilir?

-Ümumiyyətlə, İTV-də cəmiyyətin qınadığı proqramlar qəti surətdə yoxdur. Bu ona görə deyil ki, İTV qəhrəmanlıq edir, bu, bizim İctimai Televiziya və Radio yayımı haqqında Azərbaycan Respublikasının qanununda var. Birinci olaraq, biz Azərbaycan mədəniyyətini təbliğ etməliyik, Azərbaycanın milli dəyərlərinin bir az da artmasına, zənginləşməsinə və qorunmasına xidmət etməliyik. Bu, həmin qanunda var, qanunu poza bilmərik. İkinci olaraq,  Azərbaycan Televiziyası (AzTv) və İTV dövlət tərəfindən maliyyələşir. Bir az zaman keçəcək və İTV abonentlər tərəfindən maliyyələşəcək. Hələlik Azərbaycan tamaşaçısı o qədər də varlı olmadığına görə, dövlət maliyyələşməni öz üzərinə götürüb. Bunun üçün də bu iki telekanalın reklam bazarına o qədər də ehtiyacı yoxdur. Reklam bazarına ehtiyacı olmadığı üçün həmin formatlı verilişlərə də ehtiyacı yoxdur. Üçüncü olaraqsa, İTV birbaşa maarifçilik televiziyasıdır. Bəzi ekspertlər İTV-nin əsas funksiyasını bilmədən onu bəyənmədiklərini deyirlər, amma belə yerdə həm AzTv-nin, həm də İTV-nin tipoloji xarakterini nəzərə almaq lazımdır. Bu iki televiziya reklam bazarı mübarizəsində deyil, maarifçilik işi ilə, xüsuilə İTV maarifçilik işi ilə məşğuldur və mənə elə gəlir ki, bu funksiyanı lazımınca yerinə yetirir.

-Bəzi telekanalların  nəinki xarici ölkələrdə, hətta Azərbaycanın bölgələrində də müxbir məntəqələri yoxdur. Bəs İTV-nin müxbir məntəqələri sizi qane edir?

-ANS-in ABŞ-da, AzTv-nin Qərbi Avropa ölkələrində, Amerikada, İTV-nin Türkiyə və bir çox xarici ölkələrdə müxbir məntəqələri var, o cümlədən, ölkəmizin regionlarında da müxbir məntəqələrimiz var, amma bu o qədər də böyük deyil. Qarabağ müxbir məntəqəsi bütün Qarabağı, Şirvan məntəqəsi bütün Şirvan zonasını ifadə etməyə bəs edir, yəni, biz regionlardan informasiya almaq çətinliyi çəkmirik. Bizim rayon-rayon olmasa da, region-region müxbirlərimiz var və onlar hər cür texniki təminatla təmin olunduqlarına görə hadisə baş verərkən gecikmədən İctimai Televiziya və Radioya informasiya ötürə bilirlər. Düzdür, bəzi çatışmazlıqlar da var, amma hələlik bütövlükdə Azərbaycan mühitini ifadə eləmək mənasında o müxbir məntəqələri bəs edir.

-Cahangir müəllim, sizcə, "Meyxana", "Ulduz" yarışmalarına meyillənmə intellektual təbəqənin yerli telekanallara qarşı marağının azalmasına gətirib çıxarmırmı?

-Burada mən yalnız şəxsi fikir söyləyə bilərəm, lakin bütövlükdə mən bu cür verilişlərin əleyhinəyəm. Həmin verilişlər elit təbəqənin, cəmiyyətin tənqidinə tuş gələn verilişlər sırasındadır. Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan mühitində o cür proqramlar efirə gedirsə, onlara önəm verilirsə, deməli, o, biznes maraqlarını ifadə edir. Ona görə də biz qanun pozuntusu baş verməyənədək bu cür proqramları verən, cəmiyyətin qınağını nəzərə almayan telekanalları ancaq qınaya bilərik. Cəmiyyətdə müxtəlif insanlar var. Bir də görürsünüz ki, həmin proqramları tənqid edir və sonra da onlara başdan sonacan ləzzətlə baxırlar. Əgər belə proqramlar baxılmasaydı, efirə çıxarılmazdı. Burada ictimai qınaq gərək səmimi olsun. Bəzən ictimai qınağın özü də səmimi olmur.

-Media ekspertlərinin fikrincə, nəinki özəl, hətta dövlətin maliyyələşdirdiyi telekanalların əksəriyyətində maarifləndirici verilişlər, jurnalist araşdırmaları çox azdır. Olanlar da müasir tələblərə cavab vermir. Hazırda bu sahədə vəziyyət necədir?

-ANS telekanalında jurnalist araşdırmaları az qala hər gün informasiya proqramında var. Ana xəbərdən törəmə xəbərlər var: iç xəbər, düzbucaq və s. Bu proqramların adlarına irad tutmaq olar ki, adları zarafatyanadır, amma əksəriyyətində jurnalist araşdırması da, maarifçilik işi də var. Bəzən elə düşünürlər ki, maarifçilik proqramın içində dərs deməkdir, amma, bu, elə deyil. Adi bir informasiyanın özündə də maarifçilik var. Məsələn, Tel-Əvivdə şadlıq evinin uçulması və insanların xəsarət almasının efirdə getməsi o deməkdir ki, gərək Azərbaycanda şadlıq evlərinin tikintisində ehtiyatlı olsunlar. Bəzən də deyirlər ki, efirdə kriminal verilişlər getdiyinə görə insanlar kriminallaşır. Elə deyil. Gərək həmin insanlar efirə baxıb cəmiyyət tərəfindən olan qınağı görsünlər ki, insan atasını öldürməz.

Mən o fikirlə şərikəm ki, yəqin ki, maarifçilik işi azdır, biz bunu bir az da artırmalıyıq. Maarifçi verilişlər həvəslə izlənilmir, ona görə ki, onların peşəkarlıq səviyyəsi aşağıdır.

-Yəni, əvvəlki illərə nisbətən durum bir az yaxşıdır?

 

- Mənə elə gəlir ki, bir az yaxşıdır. Heç olmazsa, indi İctimai Televiziya ortaya gəlib çıxıb. Bu telekanal özəl kanallardakı bəyənmədiyimiz, neqativ verilişlərə qarşı qoyulmuş televiziyadır. Dövlət bu kanalı ona görə maliyyələşdirir ki, kommersiya kanallarının qarşısında maarifçilik kanalı dayansın. Baxın, dövlətin bu xidmətini qiymətləndirmək lazımdır. 

Müəllif: NurlanSəlim-BDU-nun jurnalistika fakültəsinin tələbəsi