Gürcüstanda sürüşmədə ölənlərin sayi 15-ə çatıb
Bölmə: Hadisə › ,Tarix: 15:41 07.08.2023
Gürcüstanın Oni bələdiyyəsində Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
İnformator.az xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb. Xatırladaq ki, təbii fəlakətlə əlaqədar Gürcüstanda bu gün matəm günü elan edilib. Fövqəladə Hallar İdarəsinin rəisi Temur Mqebrişvili bildirib ki, evlərin olduğu ərazidə hazırda demək olar ki, heç nə yoxdur: “Sadəcə dağıntılar var. Xilas edicilər isə insanlara çata bilmir. Çünki ərazi çox sıx quru təbəqəyə malikdir. Xilasedicilər çətinlik çəkirlər. Bu səbəbdən yol açmaq üçün texnikaları işə cəlb etmişik”.
Qeyd edək ki, faciə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib: "Güclü torpaq sürüşməsi nəticəsində insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".