“Neftçi” PFK-Beşiktaş oyununa kimlər buraxılmayacaq? AZARKEŞLƏRƏ XƏBƏRDARLIQ

Tarix: 17:17 08.08.2023
“Neftçi” PFK-Beşiktaş oyununa 2 gün qalsa da, biletlər satışda yoxdur. Oyuna giriş biletsizmi olacaq?" - İnformator.az sosial şəbəkələrdə yayılan bu narazılığın səbəblərini araşdırıb.
10 avqust saat 21:00-da "Neftçi" UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi Arena"da Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq. İdman üzrə müxbir Rövşən Əlisoyun “İnformator”a bildirdiyinə görə, əslində, Avropa Konfransı Liqası çərçivəsində keçiriləcək "Neftçi"-"Beşiktaş" oyununa maraq həddindən artıq böyükdür. Həm Türkiyədən olan azarkeşlər, həm də azərbaycanlı azarkeşlər bu oyunu səbirsizliklə gözləyirlər, xüsusilə də Neftçi fanatları: “Ona görə də düşünürəm ki, çox prinsipli bir qarşılaşma olacaq. Əvvəl oyunun İstanbulda keçiriləcəyi bildirilirdi, lakin sonralar qərar dəyişdirildi və oyunun Bakıda keçiriləcəyi ilə bağlı qərar qəbul olundu. Halbuki, eyni gündə Bakıda 3 oyun keçiriləcək və düşünürəm ki, hər üçünə maraq olduqca böyük olunacaq”. Oyundan gözləntilərə gəldikdə isə, Rövşən Əlisoy deyir ki, “Beşiktaş” Türkiyənin çox güclü və olduqca köklü klublarındandır. “Buna görə də düşünürəm ki, "Beşiktaş" 2-1 hesablı qələbə qazana bilər. "Neftçi" məsələsi iddialıdır, klubda köklü dəyişikliklər baş verib. Həm rəhbər heyəti, həm də "Neftçilər korpusunda”.
Neftçinin rəsmi sosial media hesabında paylaşılan məlumata əsasən, həm ölkəmizdə olan, həm də qardaş ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq tədbirlərin görülməsi planlaşdırılır: “Oyuna olan böyük marağı nəzərə alaraq "Neftçi Arena da" keçiriləcək görüşdə İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq. "Beşiktaş" azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır”.
"Neftçi" azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən "Neftçi"yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin, oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə təhlükəsizlik əməkdaşları həmin azarkeşləri dərhal stadiondan uzaqlaşdıracaq.
İdman jurnalisti Rövşən Əlisoy "Neftçi"-nin azarkeş qərarına da münasibət bildirir. “Düşünürəm ki, çox düzgün və yerində verilmiş bir qərardır. Azarkeşlərin yerləşdirilməsi, həm də təhlükəsizlik məsələsi maksimum dərəcədə gücləndirilmiş olur, yəni azarkeşlər arasında çıxacaq olan qarşıdurmanın qarşısını müəyyən dərəcədə alır. Bəzən futbolda xoş olmayan hadisələr baş verir, azarkeşlər arasında münaqişələr olur, amma bütün bunları nəzərə alaraq, "Neftçi"-nin məhz belə bir qərar qəbul etməsi məhz düzgün bir addımdır. "Azarkeşlər buraxılmayacaq" dedikdə, yəni türkiyəli və azərbaycanlı azarkeşlər, əlbəttə, stadiona buraxılacaqlar, onlar onu izləyə biləcəklər, amma verilən qərarda qeyd olunub ki, "Beşiktaş" azarkeşləri üçün ayrı bir sektorda yer ayrılacaq, "Neftçi" azarkeşləri üçün isə ayrı bir sektorda yer ayrılacaq. Xüsusilə qeyd olunub ki, "Neftçi" azarkeşlərinin sektorunda digər klubların atributlarını daşıyan formalar olan azarkeşlərin oyunu canlı izləmək imkanı olmayacaq. Belə bir hal aşkar edilsə, həmin azarkeşlər stadiondan uzaqlaşdırılacaq, düşünürəm ki, çox düzgün və yerində verilmiş bir qərardır."
Qeyd edək ki, oyunun biletləri bu gün itikcet.az saytında satışa çıxarılacaq.
Çinarə Muradova