“KONDİSİONERSİZ AVTOMOBİL İDARƏ ETMƏK TƏHLÜKƏLİDİR”- SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ

Bölmə: Hadisə › ,
Tarix: 19:58 16.08.2023

   Son günlər müşahidə olunan isti hava şəraitinin ciddi təsirinə məruz qalan şəxslər arasında sürücülər də var. Elə mütəxəssislər də belə hava şəraitində uzaq yola çıxmağın təhlükəli olması ilə bağlı xəbərdarlıq edirlər. “Kondisoneri demək olar ki, söndürmürəm, günün hər vaxtında işləyir”, “kondisoner olmasa, nəfəs almaq olmaz belə istilərdə”. Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, yayda baş verən avtomobil qəzalarına nəzər saldıqda hadisələrin əksəriyyətinin günorta saatlarında baş verdiyinin şahidi oluruq. Sürücülər isti hava şəraitində avtomobili idarə edərkən ətrafdakı hadisələrə reaksiyaları azalır, bəzi hallarda isə yuxuya gedirlər. Qəzaların artmasına mövsümün təsirinin böyük olduğunu deyən mütəxəssisin sözlərinə görə, havanın temperaturu 40 dərəcə olarkən asfaltın səthi 70 dərəcəyədək qızır. “Yay mövsümündə kondisionersiz avtomobilləri idarə edənlər çox diqqətli olmalıdırlar. Qızmar saatlarda hava axını pəncərəsi açıq avtomobildən sürücünün bədəninin ətrafından keçirsə, insan sürətlə bədəndəki rütubəti itirir, bədən sanki quruyur, xüsusən də gözlər quruyur. Adam tez yorulur. Yorulduğuna görə də ətrafa, yol hərəkəti şəraitinə yaxşı nəzarət edə bilmir. Səhhətində müəyyən problemi olan insanlar ola bilər və ya ahıl insanlar uzun müdət həmin qızmar havada kondisionersiz avtomobili idarəetsələr, səhhətlərində ciddi dəyişikliklər ola bilər”.

  Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev də avtomobil sahiblərinə günün isti vaxtlarında fərdi nəqliyyatdan, xüsusilə soyuducu sistemi olmayan avtomobillərdən az istifadə etməyi tövsiyə edir. "Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, günün daha çox sərin vaxtlarında yola çıxsınlar. Respublika avtomobil yollarında nəqliyyat vasitəsini idarə edən sürücülər özlərini yorğun, əzgin, yuxulu hiss etdiyi zaman Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postlarına yaxınlaşa bilərlər. Burada onların qısamüddətli istirahəti üçün hər bir şərait yaradılıb".

  Qeyd edək ki, son 8 gündə ölkənin avtomobil yollarında 17 yol nəqliyyat hadisəsi baş verib. Həmin qəzalar nəticəsində 19 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb.

LƏMAN