"UŞAĞA UŞAQ YÜKÜ...."- PSİXOLOQLAR HƏYƏCAN TƏBİLİ ÇALIR

Bölmə: Hadisə › ,
Tarix: 14:07 17.08.2023

   “Uşağa uşaq yükü” deyərkən körpə bətnində körpə nəzərdə tutulur. Bir müddət əvvəl zorlanaraq hamilə qalan 15 yaşındakı azyaşlı kimi....

  Psixoloqlar həyəcan təbili çalırlar. Psixoloq Gülnar Orucova deyir ki, azyaşlıların zorlanaraq hamilə buraxılması xəbərləri artdıqca, hadisənin bu günündən çox sabahın təhlükəsi narahat edir. “Zorakılığa məruz qalan qızların çoxu gələcəkdə ailə qurmaq istəmir, onlarda əks cinsə qarşı fobiya yaranır və daim qarşı cinslərin olduğu mühitdən yayınırlar. Onlar uzunmüddətli depressiya hallarında qalırlar ki, bunu yalnız mütəxəssis təyin edə bilir. Əslində zamanla şəxsin bu travmanın öhdəsindən gəldiyi düşünülsə də, gələcəkdə ana olmaq, uşaq dünyaya gətirməkdə problemlər, davamlı qorxu, narahatlıq, stress içində olmaq kimi  emosional sferada pozuntularla bu təsirlər daimi izlənili”.

  İnformator.az saytına açıqlamasında Gülnar Orucova bir məqama da toxunub. Əslində “el qınağı”, “camaat nə deyər?” kimi qorxular da psixoloji vəziyyətlə əlaqəlidir, deyən mütəxəssisin sözlərinə görə, hətta bəzən analar özləri bu problemi həll etməyə çalışır ki,  bu da ölümlərlə nəticələnə bilir. “Valideyn düşünür ki, bu, bilinsə övladı gələcəkdə ailə qura bilməyəcək, öz metodları ilə uşağının gələcəyini "qurtarmağa" çalışır”.

  Bu problem valideynləri də narahat edir. Leyla Mustafayeva sözügedən xəbəri eşidəndən narahatlıq hissi keçirdiyini deyir. Psixoloqun dediklərini dəstəkləyən gənc ana valideynlərə övladlarına inanmağı, onları dinləməyi, arxalarında dayanmağı tövsiyə edir. “Uşağın gələcək taleyi valideynlərin yanaşmsından asılıdır. Heç nə üçün gec deyil,   “filankəs nə deyər?” düşüncəsindən çıxıb, “qızım üçün ən yaxşısı nədir?” düşüncəsi ilə məsələyə yanaşılsa, övladlarının gələcək taleyi yaxşı olacaq”.

ZİBEYDƏ ƏLİZADƏ