"Procter&Gamble" "Neftçi" ilə müqavilə imzaladı

Tarix: 15:58 21.08.2023
Məşhur Procter&Gamble şirkəti “Neftçi” ilə yenidən müqavilə bağlayıb. Paytaxt klubunun futbolçuları şirkətin reklamlarında yer alacaqlar.
Qarşıdakı 1 il ərzində azarkeşlər “Neftçi” ulduzlarını həm də dünyaca məşhur Braun markasının reklamlarında görə biləcəklər. Bununla bağlı Procter&Gamble şirkəti ilə Neftçi peşəkar futbol klubu arasında razılaşma əldə edilib. Sazişi P&G-nin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze və Neftçi Futbol Klubunun baş icraçı direktoru Fərrux Mahmudov imzalayıb.
"P&G"" Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze “Neftçi”nin Azərbaycan futbolunun əfsanəsi olduğunu bildirib: "Biz çox şadıq ki, bu əfsanəvi klubun uğurlarına hələ də şahid oluruq. 100 ildən artıq tarixə malik olan Braun markası da daim innovasiyaları ilə trenddə qalmağı və öz auditoriyasının nəbzini tutmağı bacaran bir markadır. Əminik ki, Neftçi azarkeşləri bu iki tarixi brendin adlarını bir yerdə görməyə şad olacaqlar".
"Neftçi"" PFK-nın icraçı direktoru Fərrux Mahmudov bildirib ki, ilk 2 il Old Spice brendi ilə olub: "Bu il isə Braun brendi ilə davam etdirəcəyik. Hər iki brend bizim dəyərlərimizə uyğundur,bizim dəyərlərimiz də onlar üçün də uyğundur, ona görə də bu əməkdaşlığı davam etdiririk. İnşallah onlar üçün də bizim üçün də uğurlu olsun".
Klub rəhbəri yeni müqavilənin iki tərəf üçün uğurlu olacağına inandığını bildirib.