İRİ TİCARƏT MƏRKƏZLƏRİNİ SU BASDI
Bölmə: Hadisə › ,Tarix: 22:24 28.08.2023
Səhər saatlarında yağan güclü yağış nəticəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən iri ticarət mərkəzlərini su basıb. Məhsullar su altında qalıb. Sahibkarlara xeyli miqdarda ziyan dəyib.
Əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, su basmış yerlərdən su çəkilərək kənarlaşdırılıb. Sahibkarlar tam məbləğ deyə bilməsələr də, zərərin çox olduğunu bildirirlər.
Oxşar hal yaxınlıqda yerləşən Sədərək ticarət mərkəzində də yaşanb. Zərərin böyük olduğunu deyən sahibkarlar, salamat qalmış məhsullarını qurtarmağa çalışsalar da, dəyən ziyan böyükdür. “Nə qədər ziyan dəyib? Demək olar, 7-8 min manat”. “Birinci cərgədə olan malların hamısı qalıb suyun altında. Su bərbad günə salıb mallarımızı”. “7 min 800 manatlıq mal vurmuşam, hamısı suyun içində, palçığın içində”.
Ticarət mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, bu vəziyyətlə bir neçə dəfə qarşılaşıblar. Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, yağan güclü yağışa nasosun gücü çatmayıb. “Bu, biz nöqsanımızdır. Biz gərək bundan ibrət götürək, təcili tədbirlər görək. Rəhbərlik də bu saat burdadır. Elə bilirəm ki, daha ciddi tədbirlər görüləcək ki, dəymiş zərərlə rastlaşmayaq. Sahibkarların öz mallarını sığortalayanlar var. Sığortalamayan da var. Onlar da öz mallarını sığortalamalıdırlar. Təbii ki, biz köməyimizi edirik, amma bunun müqabilində sahibkar öz işini bilməlidir, sığortadan yararlanmalıdır. Dəymiş zərərin hesablanması istiqamətində işlər aparılır”.
NƏRGİZ