QƏSSABIN ƏLİNDƏN QAÇAN HEYVANIN YARATDIĞI TƏHLÜKƏ
Bölmə: Hadisə › ,Tarix: 22:32 28.08.2023
Kəsimə aparılan iribuynuzlu şəhəri bir-birinə qatıb. Sahibi və ətrafdakı insanlar öküzü tuta bilmədiklərindən məsələyə polis qarışıb. Asayiş keşikçiləri məcbur qalaraq xidməti silahlarından istifadə ediblər.
Hadisə Masazır qəsəbəsinin mərkəzində baş verib. Təqribən bir-iki kilometr kənarda fəaliyyət göstərən heyvan kəsimi məntəqələrindən birindən sağ qaçmağı bacaran iribuynuzlu ətrafa daha çox ziyan vurmasın deyə zərərsizləşdirilib. “Əgər heyvanı tamamilə zərərsizləşdirməkdən, öldürməkdən başqa yol yoxdursa, bu zaman polisin yeganə çarəsi ona qalır ki, heyvanı vursun. Polis haqqında qanunvericilik, o cümlədən xüsusi vasitənin tətbiq olunması haqqında normativ hüquqi aktlar polisə belə bir səlahiyəti vermiş olur”. Hüquqşünans Vamiq Şükürov belə deyir. Bununla belə bildirir ki, polis maksimum çalışmalıdır ki, daha az ziyan vurmaqla daha çox ziyanın, təhlükənin qarşısını alsın.
Əslində iri şəhərlərdə, insanların daha sıx toplaşdığı yerlərdə açıq şəkildə heyvanların kəsimi qanunla qəti qadağandır. Başqa sözlə desək, hər bir sahibkar yalnız Qida Təhlükəsizliyi Agentliyinin təyin etdiyi yerlərdə bu işi görməlidir. Ən başlıca səbəb antisanitar vəziyyətin qarşısını almaq, ikincisi təhlükəsizlik məsələsidir. Çünki aylarla qapalı şəraitdə kökəldilən heyvan qəfil açıq havaya çıxanda, üstəlik şəhər mühitinə düşəndə hər an dəhşətli faciyə baş verə bilər.
GÜNDÜZ