MƏKTƏBLİ FORMASI ÜÇÜN BAKIYA ÜZ TUTANLARA XƏBƏRDARLIQ
Bölmə: Hadisə › ,Tarix: 21:11 01.09.2023
Siyəzəndə yol qəzasında ata və azyaşlı oğlu ölüb. Iddia olunur ki, dünyasını dəyişən şəxslər məktəbli ləvazimatları almaq üçün paytaxta üz tutublar. Oxşar hadisə ötən həftə də baş vermişdi. Əslində məktəbli forması və ləvazimatları bölgələrdə də satılır. Maraqlıdır, buna görə paytaxta üz tutmaq nə qədər məntiqlidir?
Hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Dünyasını dəyişənlər - 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirlidir. 2-si azyaşlı olmaqla xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzi, Quba Mərkəzi Rayon Xəstəxanası və vəziyyəti ağır olan bir nəfər Şabran Mərkəzi Rayon Xəstəxanası, iki nəfər isə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İddia olunur ki, qəzaya düşən ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş. Ekspertlər maarifləndirici çağırış edərək azyaşlılara məktəbli forma və ləvazimatlar almaq üçün uzun yola çıxmağa ehtiyac olmadığını deyirlər. Təhsil eksperti Elçin Əfəndi deyir ki, onlar bu qədər uzun məsafə qət etməkdənsə, daha yaxın ərazilərdən həmin ləvazimatları, məktəbli formalarını övladları üçün ala bilərlər. “Bu, həm onların təhlükəsizliyi baxımından, həm fiziki yorğunluq baxımından ən əlverişli üsuldur. Təbii ki, burda ucuz vəsaitin arxasınca qaçırıqsa, düşünürəm ki, itirdiyimiz yola, eyni zamanda vaxt məsələsinə qənaət edib, eyni qiymətə və yaxud da ondan bir-iki qəpik bahasına, eybi yox, rayondan alarıq. Əsas odur sağlamlığımızın qayğısına qala bilək”.
Elm və Təhsil Nazirliyinin rəsmisi Orxan Abbasov da bildirir ki, respublikanın hər bölgəsində məktəbli formasının satış nöqtələri mövcuddur. “Hətta bu yaxınlarda belə bir sorğu da olmuşdu ki, valideyn istəyirsə, özü öz övladı üçün dərzidə tikdirə bilərmi? Təbii ki, mövcud standartlar çərçivəsində bunu da etmək mümkündür. Formaların qiyməti bazarda tənzimlənir. Bizdə olan məlumat ondan ibarətdir ki, Bakı və respublikanın digər şəhər və rayonlarında məktəbli formalarının satış qiymətlərində böyük bir fərq müşahidə olunmur”.
Elm və Təhsil Nazirliyindən o da bildirildi ki, şagirdlərin sayından asılı olmayaraq respublikanın heç bir şəhər və rayonunda məktəbli forması ilə bağlı qıtlıq, çatışmazlıq yaşanmır.
AİDA