"9"U "8"Ə ÇEVİRDİ, NÖMRƏNİN ÜSTÜNÜ PALÇIQLADI- SÜRÜCÜLƏRİN HİYLƏSİNİN ÜSTÜ AÇILDI
Bölmə: Hadisə › ,Tarix: 22:29 07.09.2023
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yük avtomobillərinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücüləri aşkar ediblər. İki yük maşınının sürücüsü qeyri-ənənəvi üsulla qayda pozub. Maşınların dövlət qeydiyyat nişanlarına müdaxilə edən hər iki sürücü müəyyən edilərək saxlanılıb.
BDYPİ-nin əməkdaşı Kamal Əhmədlinin sözlərinə görə, sürücülər məsuliyyətə cəlb olunub, təyin olunmuş cərimələri ödəyənədək maşınların müayinə məntəqəsində saxlanılmasına qərar verilib. “Zil markalı avtomobilin sürücüsü öz nəqliyyat vasitəsinin nömrəsinin sonuncu rəqəmini 9 rəqəmini özü müdaxilə edərək 8 rəqəminə çevirib. Texniki baxışdan və yaxud digər törətdiyi inzibati xətalardan yayınmaq məqsədilə bu hərəkətə yol verib. 589 rəqəmini 8 etməklə törətdiyi inzibati xəta həmin sürücüyə yox, 588 nömrəli nəqliyyat vasitəsinin sürücüsünə gəlir”.
Kamaz markalı yük maşınının sürücüsü isə məsuliyyətdən yayınmaq üçün başqa üsula əl atıb. 01-BM-688 dövlət qeydiyyat nişanının 8 rəqəminə palçıqla həmin rəqəmin üzərini örtməklə məsuliyyətdən yayınıb. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə, dövlət qeydiyyat nişanını qanunsuz dəyişdirən sürücülər 100 manat cərimələnə bilərlər. Nömrənin görünüşünü məhdudlaşdıranlar barədə isə 500 manatdan 800 manata qədər cərimə nəzərdə tutulur.
PƏRVİN