SEL VƏ DOLU KƏND SAKİNLƏRİNƏ ZİYAN VURDU
Bölmə: Hadisə › ,Tarix: 22:00 08.09.2023
Külək və dolu ilə müşahidə olunan güclü leysan nəticəsində Şimal Qərb bölgəsində evlərə, təsərrüfatlara ciddi ziyan dəyib, kəndarası yollar yararsız hala düşüb.
Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Güclü külək səbəbindən Zaqatalanın mərkəzində, Yuxarı Çardağlar, Car, Axaxdərə, Mazıx, Qəbizdərə, Göyəm, Aşağı Tala, Yuxarı Tala kəndlərində ağaclar aşıb, elektrik naqilləri qırılıb.
Gecə saatlarından rayonun demək olar ki, 80 faiz ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Tala, Katex, Balakən və digər çaylarda suyun səviyyəsi artıb, çaylardan qısamüddətli sel keçib. Zaqatalanın Qəbizdərə və Mazıx kəndləri ərazisinə yağan iri dolu səbəbindən 100-dən çox evin dam örtüyü yararsız hala düşüb.
Mazıx kəndinin bələdiyyə nümayəndəsi mövcud vəziyyətin tezliklə aradan qaldırılması üçün əraziyə texnika və canlı qüvvə cəlb olunduğunu deyib. Yuxarı Tala Bələdiyyəsinin sədri Eldar Qanzayev kəndin ərazisindən keçən iki idarə olunmayan çay oldduğunu, bu çayların suyunun son 40-50 ildə bu səviyyədə artmadığını bildirib. “Bir neçə hissədə imkanlar daxilində qarşısı alınıb, müvafiq qurumlar baş vermiş zərəri araşdırır, müvafiq tədbirlər görüləcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə isə, qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək. Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev sentyabrın 12-nə qədər havaların qeyri-sabit keçəcəyini bildirib. “Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var”.
Hava şəraiti ilə bağlı Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Vüsalə