XAÇMAZDA KÖRPÜ UÇDU, XƏSARƏT ALANLAR VAR

Bölmə: Hadisə › ,
Tarix: 21:54 15.09.2023

  Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub. Qəza nəticəsində ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alanlar da var.

  Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 27-ci km-də baş verib. Səhər saatlarında Qudyalçay üzərində yerləşən avtomobil körpüsü uçub. Nəticədə körpü üzərində hərəkətdə olan minik avtomobili çaya aşıb. Bu zaman Xaçmaz rayon sakinləri Əlisafa Heybətov, Elvin Səfərəliyev və Bakı şəhər sakini Efsun Qarayev xəsarət alıb. Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclunun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyini və komissiyanın tərkib idarə təşkilatlar ərazidədir. Hadisə şahidlərinin verdiyi ifadələrə görə, bir nəqliyyat vasitəsinin də çaya düşdüyü ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.

  Avtomobil Yolları Dövlət Agentliyinin şöbə müdiri Anar Nəcəfli deyir ki, 1970-ci illərdən istifadəyə verilən körpünün qəzalı vəziyyətdə olmadığı deyilir. Qəzaya intensiv yağan yağıntıların səbəb olduğu bildirilir. “Güclü sel suları nəticəsində dayaqda yuyulma baş verdiyi üçün körpüdə çökmə qeydə alınıb. Alternativ olaraq sürücülərimiz Qımılqışlaq kənd ərazisindən keçən avtomobil yolundan istifadə edə bilərlər, o cümlədən də Qəndob- Quba avtomobil yolundan da istifadə edərək mənzil başına çata bilərlər”.

  Agentlikdən o da bildirildi ki, körpüdə təmir-bərpa işləri qısa zamanda həyata keçiriləcək. Və yaxın zamanlarda ərazidəki gediş-gəliş tam olaraq bərpa ediləcək.

LAMİYƏ