Günümüzün problemlərini bir əsr öncə qələmə alan "Şeypur" jurnalı-Tarixdə bu gün

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:43 05.10.2023

Bu gün  - 5 oktyabrda Azərbaycan mətbuat tarixində xüsusi yerə sahib "Şeypur" satirik jurnalının ilk sayı içıq üzü görüb.

 

İlk sayı 1918-ci il oktyabrın 5-də, sonuncu sayı isə 1919-cu il yanvarın 18-də çıxan “Şeypur” jurnalının cəmi 14 sayı oxuculara təqdim olunub. Onlardan 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir.  Jurnalın redaktoru məşhur maarifçi Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqi, naşiri Səməd Mənsur olub.

 

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova “Şeypur” jurnalının Azərbaycan media tarixində tutduğu rolla bağlı fikirlərini İnformator.az-a bildirib. Aygün Əzimova deyir ki, “Şeypur” jurnalı Azərbaycan mətbuat tarixində böyük rolu olan bir mətbu orqandır:

 

"Azərbaycanda satirik jurnalistika ənənələrini davam etdirən bir mətbuat orqanı kimi dəyərləndirilir. Ümumiyyətlə, ”Şeypur” jurnalının fəaliyyət dövrü Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə təsadüf edir və bu dövrü Azərbaycan mətbuat tarixinin ən yüksək mərhələsi kimi qiymətləndirsək, ”Şeypur” jurnalı da məhz o dövrdə fəaliyyət göstərib".

 

Müsahibim əlavə edir ki, jurnalda Molla Nəsrəddin ənənələrinin ruhu hiss olunub:

 

"Buna səbəb odur ki, jurnalın redaktoru Məmmədəli Sidqi müəyyən dövrlərdə “Molla Nəsrəddin” jurnalında müvəqqəti redaktor olub. Naşiri Səməd Mənsur isə Azərbaycan mətbuat tarixində, Azərbaycan satirik jurnalistikasında böyük rolu olan bir şəxsiyyətdir və bu şəxsiyyətlərin rəhbərliyi jurnalın Azərbaycanda gedən ictimai-siyasi məsələlərdə fəal iştirakında böyük rol oynayıb. Ümumiyyətlə, jurnalın özündə Molla Nəsrəddinçilər fəaliyyət göstərib ki, bu da qeyd etdiyim kimi jurnalın redaktorunun Məmmədəli Sidqi olmasından irəli gəlir. Bu jurnalda satirik şeir nümunələri öz əksini tapıb ki, bu nümunələrdə yüksək vətənpərvərlik, milli qürur, milli mənlik, vətənə, torpağa, millətə sədaqət kimi yüksək insani dəyərlər əks olunub".

 

Aygün Əzimova qeyd edir ki, jurnalın səhifələrində dərc olunmuş yazılarda cəmiyyətin tərəqqisinə mane olan tərəflər, ünsürlər, qüvvələr tənqid hədəfinə çevrilirdi:

 

"Bilirik ki, Cümhuriyyət dövründə demokratik xalq quruculuğu prosesi gedirdi və jurnalda dərc olunan yazılar da dövlətçilik ideyalarını, istiqlalımızı, müstəqilliyimizi təbliğ edirdi. Eyni zamanda bu müstəqilliyə mane olanları jurnal öz səhifələrində kəskin tənqid atəşinə tuturdu. Jurnalda dərc olunan yazıların, şeirlərin mövzu dairəsinə diqqət yetirsək görərik ki, bu jurnalda dərc olunan yazılar günümüzlə demək olar ki, səsləşən yazılardır. Məsələn, jurnalın tənqid hədəflərindən biri ermənilərin Qarabağda törətdikləri vəhşiliklər idi. Bu gün də biz erməni vəhşiliklərin şahidi oluruq, 30 il biz bu faciələri yaşamışıq, ermənilərin törətdikləri qanlı cinayətlərin şahidiyik ki, “Şeypur” jurnalı vaxtilə bu cinayətləri öz səhifələrində ifşa edib. Qarabağda törədilən bir erməni vəhşiliyi haqqında Azərbaycanlı imzası ilə “Erməni yuxusu” adlı bir yazı dərc olunub ki, bu yazıda da erməni vəhşilikləri öz əksini tapıb. Çox maraqlı faktdır ki, jurnalda ermənilərin törətdiyi vəhşiliklərə paralel olaraq milli müstəqilliyimizin qorunmasına mane olan Bolşevik ünsürləri də tənqid hədəfi olub".

 

Aygün Əzimova bildirir ki, bu gün Azərbaycanda erməni vəhşiliklərinə havadar çıxan Qərb mətbuatının bizə tənqidi yanaşmalarının və onların ermənipərəst mətbuat orqanlarının necə onlara havadarlıq etdiklərinin şahidi olsaq da, hələ o dönəmdə “Şeypur” jurnalı bu məsələyə səhifələrində çox böyük yer verib:

 

"Məsələn, ermənipərəst bolşevik qəzetini eləcə də, digər ermənipərəst mətbuatları “Şeypur” jurnalı öz səhifələrində tənqid hədəfinə tutub. Demək olar ki, “Şeypur” jurnalında erməni məsələsi çox vacib məsələ kimi ortaya qoyulur və ziyalılarımız bizə unutqan olmamağı tövsiyə edir. Ermənilərin bütün Zaqafqaziyaya hakim olmaq iddiaları, onlara dəstək olan rus siyasəti, bu siyasətin tarixi kökləri jurnalın səhifələrində daima diqqət mərkəzində olub. “Siyasət” adlı bir felyetonda erməni qulduru Andranikə dəstək olan digər dövlətlərdən söhbət açılır. Azəbaycana qarşı olan gizli niyyətləri, Azərbaycanı daxildən parçalamaq istəyənlərə tutarlı cavablar verilir".


Müsahibimin fikirlərindən yol çıxaraq belə nəticəyə gəlmək olar ki, “Şeypur”da qoyulan məsələlər və problemler bu günü əks etdirməsi baxımından yüksək qiymətləndirilməlidir. Bu da jurnalın Azərbaycan mətbuat tarixində böyük rol oynadığının göstəricisidir.


Aydan İsayeva