Fevtivalların sayı nə qədər çox olsa, o qədər faydalıdır-Aktyordan açıqlama

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:11 11.10.2023

Ötən gün Bakıda III “Korkut Ata” Türk Dünyası Film Festivalının rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. 8-11 oktyabr tarixlərində keçirilən Festivalda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin nümayişi olub.

Məsələ ilə bağlı, İnformator.az-a açıqlama verən rejissor, aktyor Kamal Yaşar festivalın əhəmiyyətindən söz açıb.

“Bu festivalın özü də çox maraqlı bir yenilikçi addımdır ölkəmiz adına. Bizim də bir çox yerli istehsalımız olan filmlər nümayiş olunur, ölkələrarası münasibətlər qurulur. Bu festival tarix və yaş olaraq yenidir və qarşıda vəd etdiyi geniş perspektivlər var”.

Kamal Yaşar qeyd edib ki, bundan əlavə də ölkəmizdə "DokuBaku", "Bakı Qısa Filmlər Festivalı" "Animafilm" və.s kimi beynəlxalq festivallar var.

“Əlbəttə, bunların sayı nə qədər çox olsa, o qədər faydalıdır. Aylar öncə təşkil olunan milli kinoforumun gündəliyində də bu məsələlər vardı. Yeni yaradılan kino konsepsiyasında bunlar böyük ehtimalla mütləq nəzərə alınacaq. Çünki dövlət özü də bu tip festivallara bu və ya digər formada dəstək verir. Festivallarda isə nümayiş hər zaman proqrama görə bir yox, bir neçə gün olur adətən. Bu festivalların isə yerli bazara, yaradıcı mühitə müsbət təsiri danılmazdır və bunun qarşıda yaxşı nəticələrini yəqin ki, hamılıqla görəcəyik”.

Həcər Əmiraslanlı