Mədəkiçiltmə əməliyyatı hansı fəsadlara səbəb olur? -Həkim detalları açıqlayır

Tarix: 15:40 07.04.2025
Bildiyimiz kimi son dövrlərdə mədə kiçiltmə əməliyyatları çox geniş yayılıb və yayılmaqda davam edir. Bəs bu əməliyyatın faydalı və ya ziyanlı tərəfləri nələrdir?
Həkim Mərdan Əliyev informator.az-a açıqlamasında bildirib ki, əməliyyatların hər birinin yan təsirləri var. Həkim deyir ki, biz hər zaman fayda/zərər məsələsini düşünürük:
“Yəni dərmanın verdiyi fayda xəstəliyin verdiyi zərərdən çox olmalıdır. Burda daha çox hamilələri misal göstərə bilərəm. Hamiləlik vəziyyətində bir çox dərmanların istifadəsi əksər hallarda qadağandır. Elə dərmanlar var ki, onların təsiri daha az, bəzilərinin təsiri daha çox olur. Belə olan halda isə biz fayda/zərər balansını gözləyərək müalicəyə başlayırıq. Biz müalicəyə başlayırıq ki, bunun qarşısını alaq. Bütün müalicələrdə, eləcə də cərrahi və medita-mentoz müalicələrdə məqsəd xəstəliyin qarşısını almaq, xəstəliyi sağaltmaq, ya da xəstənin vəziyyətini yüngülləşdirməkdir".
Həkim qeyd edir ki, konkret mədə kiçiltmə əməliyyatlarında yenə eyni qaydada hərəkət olunur:
“Burda bilirsiniz ki, piylənmə, artıq çəki bütün orqanizm üçün ziyanlı bir prosesdir. Burda həm şəkər xəstəliyi, həm ürək-damar xəstəlikləri, həm də endokrinoloji problemlər meydana çıxır və hətta sümük-əzələ problemlərinə gətirib çıxara bilir. Əslində çox piylənmə məsələsi sadə bir şey deyil. Həqiqətən ciddi bir xəstəlikdir. Biz ona adi piylənmə kimi baxmırıq. Burda metabolik pozğunluqlar baş verir və əslində üçüncü dərəcəli piylənən şəxslər, artıq çəkili şəxslər elədə çox yaşamırlar, bu onların ömrünü qısaldır. Eyni zamanda mədə elə bir orqandır ki, orqanizmin ən vacib orqanlarından biridir. O bizi qida ilə təmin edir, qida həzmində iştirak edir və bizi infeksion xəstəliklərdən qoruyur. Mədənin içindən ifraz olunan xlorid turşusu var. Bu bizim yediyimiz qidalarda olan mikroorqanizmləri məhv edir və bizi qoruyur. Digər tərəfdən mədənin bir hissəsində bəzi vitaminlər də sintez olunur. Amma biz yenə də baxmalıyıq, burda piylənmə, köklük daha çox ziyanlıdır, nəinki mədənin bir hissəsinin götürülməsi. O zaman bu əməliyyat olunmalıdır”.
Mərdan Əliyev düşünür ki, əgər xəstə təbii sağlam şəkildə, diyeta ilə hərəkəti, fiziki yükü artırmaqla arıqlaya bilirsə, o zaman bu əməliyyata getmək lazım deyil:
“Xəstəlik insanda üçüncü səviyyəli piylənmə dərəcəsinə gəlib çıxana kimi o artıq bu profilaktik qaydaları gözləməli, hərəkəti artırmalıdır. Yəni icazə verməməlidir ki, artıq bu çəki o yerə gəlib çıxsın. Artıq o yerə gəlib çıxıbsa, ondan geri dönüş də özbaşına çox çətin olur. Mədənin bir hissəsinin götürülməsi son vaxtlar daha dəbdə olan əməliyyatdır, metobolik cərrahiyyənin bir növüdür və inkişaf edib”.
Ayxan Abdullayev