Teatrlardakı məvaciblər ürəkaçan deyil-Əməkdar artist

Bölmə: Mədəniyyət › ,
Tarix: 18:58 01.11.2023

“Bizim atalarımızın çox gözəl bir misalı var. Deyərlər ki, su gələn arxa bir də gələr. Bu gün bizim mədəniyyətimizdə kifayət qədər canlanma, inkişaf müşahidə olunur. İstər teatrda, istər kino sahəsində, istərsə də musiqi və heykəltaraşlıqda müəyyən canlanmalar göz önündədir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında aktyor və bədii qiraətçi, Azərbaycanın Əməkdar artisti Azad Şükürov söyləyib. Aktyorun sözlərinə görə, bunu unutmaq olmaz ki, mədəniyyət və incəsənətin elə növləri də var ki, onlar fərdi fəaliyyət və kollektiv fəaliyyət olaraq qruplaşıblar.

 

“Kollektiv fəaliyyət dedikdə bizim teatr, kino, rəqs sənətlərimiz nəzərdə tutulur. Bu sahələrin inkişafında isə daim problemlər, ləngimələr müşahidə olunub. Fərdi fəaliyyət növünə isə rəssamlıq, bəstəkarlıq, heykəltaraşlıq kimi incəsənət növlərini misal göstərmək olar. Fərdi fəaliyyət, kollektivdən fərqli olaraq daim inkişafda olub. Son zamanlara nəzər yetirsək, deyə bilərik ki, bizim teatrımızda da kifayət qədər inkişaf müşahidə edilməkdədir”.

 

Əməkdar artist deyir ki, istər region, istərsə də mərkəzi teatrlarımızda bir sıra uğurlu tamaşalar nümayiş etdirilir.

 

“Təbii ki, bədii cəhətdən də zəif tamaşalarımız fəaliyyət göstərməkdədir. İstər Gənc Tamaşaçılar Teatrı, istər Musiqili Dram Teatrı, istərsə də Şuşa və İrəvan dram teatrlarında yetəri qədər uğurlar, canlanmalar müşahidə olunur. Torpaqlarımızın azadlığı uğrunda necəki, genişmiqyaslı ictimai-siyasi tədbirlər həyata keçirilib, eləcə də, mədəniyyətimizin inkişafına dair diqqət və addımlar yetəri qədər artırılacaq”.

 

Azad Şükürov düşünür ki, biz mədəniyyət sahəmizdə daha da böyük, uğurlu işlərə imza atacağıq.

 

“Bu gün kino sahəmizdə belə kifayət qədər gənclərin uğurlarına şahid oluram. İstər Mədəniyyət və İncəsənət Universitetində tələbələrin çəkdiyi qısametrajlı, sənədli fiımləri, istərsə də ya da kinostudiya, yaxud özəl studiyaların xətti ilə yaranan filmlər bu gün beynəlxalq miqyaslı festivallarda iştirak edir, müyyən yer nümayiş etdirirlər”.

 

Aktyor qeyd edir ki, gənclərin zövqü adətən, orta məktəbdə formalaşmağa başlayır.

 

“Təhsilin sonrakı dövründə isə texniki, eyni zamanda filologiya ixtisasları üzrə təhsil alan tələbələr təhsil müddətində mədəniyyətimizə qarşı yüksək təbliğat proseslərindən bir qədər kənarda qalırlar. Bu məsələyə müxtəlif səbəblər təsir göstərir. Məsələn, SSR vaxtlarında nolsun ki, sovetin dövrü idi. Sovet hökumətinin də bizlərə müsbət təsirləri olub. Təəssüflər olsun ki, həmin dövrün biz müsbət cəhətlərinin bəzilərinin üzərindən xətt çəkdik, mənfilərlı birgə yüklədik vaqona, göndərdik Sibirə”.

 

Azad Şükürov əlavə edir ki, bu gün orta məktəblərdə şagirdlərin teatr müəssisələrinə cəlb olunmasında müəyyən qüsurlar var.

 

“Bu məsələ sovet dövründəki üsulla həll olunsa, daha uğurlu nəticələr verər. Ali məktəblərdə də teatrlara cəlb olunma olduqca zəifdir. İnsanın zövqünün formalaşmasında teatrın rolu danılmazdır. Dünyanın bütün psixoloqları deyirlər ki, teatrın insanların həyatında zövq və davranışların formalaşmasında müstəsna rolu var. Bu gün elə adamlar var ki, onlar onillərlə teatra getmir. Düşünürəm ki, mədəniyyət sahəmizdəki bu boşluqlardan xüsusi qurumlar rahat şəkildə istifadə edirlər”.

 

Əməkdar artistin sözlərinə əsasən, gənclərimizin zövqünün korlanması naminə müəyyən işlər həyata keçirilir.

 

“Müəyyən filmlərin, musiqilərin təbliği, mədəniyyətlərin mənfi təsirləri gənclərə nümayiş olunur. Bu elə bir prosesdir ki, biz buna qarşı ya irəli durub, mədəniyyətimizə sahib çıxmalıyıq, onu idərə etməliyik, ya da başqa təsirlər rahatca gəlib girəcək bazara. Söhbət dəhri bazarından gedir. Rəhmətlik Füzuli demişkən, dəhri bazarında buraxılan bütün boşluqlar xarici təsir vasitəsilə rahatlıqla doldurula bilir”.

 

Müsahib deyir ki, uzun bir müddət hər birimizin mayak, məbəd, yol göstərən kimi qəbul etdiyimiz Mədəniyyət Nazirliyində müəyyən boşluqlar qeydə alındı.

 

“Amma son zamanlar müşahidə edirəm ki, bu barədə müəyyən uğurlu işlər görülür. 2023-cü ildə teatr, kino, musiqi forumlarının təşkil olunması bu sahələrdəki boşluqları doldurmaq üçün, mütəxəssislərin fikrini öyrənməkdən ötrü kifayət qədər uğurlu addımlardır. Bizim torpaqlarımızın da azad olunması inkişafımıza kifayət qədər müsbət təsir göstərdi. Bu gün işğaldan azad edilən ərazilərimizdə müəyyən tədbirlər keçirilir, sənət adamları, respublika ictimaiyyəti həmin tədbirlərdə fəal iştirak edir. Eyni zamanda, sənət adamlarının öz imkanlarını nümayiş etdirmələrinə də kifayət qədər qayğı göstərilir”.

 

Azad Şükürov teatr festivallarının keçirilməsindən də söz açıb.

 

“Teatr Xadimləri İttifaqı bu yolda müəyyən addımlar atır. Qonaq teatr layihəsi isə xüsusilə maraqlıdır. Zaman-zamam region teatrları ən yaxşı tamaşalarını gətirib Bakıda tamaşaçılara təqdim edirlər. Sənət adamları, teatrşünaslar, kinoşünaslar bu tamaşalara baxır, onları müzakirə edirlər”.

 

Aktyor düşünür ki, müəyyən çatışmazlıqlar olsa da, bu geriləmələr yavaş-yavaş aradan qalxacaq.

 

“Bu gün incəsənət sahəsində uğurlu gənclərimizin təəssüf ki, diplomlarını aldıqdan sonra onlarln mədəniyyət müəssisələrinə, teatrlarda işə cəlb olunmasında problemlər yaranacaq. Bu məsələdə isə teatrın rəhbərini günahlandırmıram. Çünki onlar da öz imkanları daxilində addımlar atırlar. Teatr müəssisələrində kino istehsalı zamanı aktyorların əldə etdiyi qonorarlar kifayət qədər aşağıdır”.

 

A.Şükürov söyləyir ki, teatrlarda məvaciblər ürəkaçan deyil.

 

“Əlbəttə, ölkəbaşçıcı müəyyən aparıcı teatrlarda əmək haqqının artırılması ilə bağlı sərəncam imzalayıb, bu sahəyə xüsusi qayğı da hiss olunur. Amma mədəniyyət xadimlərinin maddi cəhətlərinin həll olunması üçün müəyyən addımlar atılmalıdır. Biz demək neçə ildir ki, müstəqil olmuşuq. Amma bu müddətdə çiynimizdə Qarabağ yükü var idi. Xarici qonşular tərəfindən bizim müstəqilliyimizə, torpaqlarımızın bütövlüyünə qarşı irtica, qara əlin uzanması nümayiş olunur. Amma biz Azərbaycan ordusunun, Ali Baş Komandanın səyləri nəticəsində torpaqlarımızı işğaldan azad etdik. Bu gün Qarabağda yenidənqurma-quruculuq işləri aparılır. Qarabağın inkişaf prosesi geniş vüsət almaqdadır”.

 

Aktyor əlavə edir ki, mədəniyyətimizin, təhsilimizin, məişətimizin yaxşılaşdırılması uğrunda ciddi addımlar atılacaq.

 

“Müharibə zamanı dövlətimiz maddi cəhətdən çətinlik çəkirdi. Belə olan halda isə hansısa zümrənin, sahənin etirazı ağıllı hərəkət kimi qəbul edilmirdi. Ölkəmiz ən ağır problemini həll edib. Mədəniyyət sahəsindəki problemlərin həll olunması üçün də müəyyən vaxt lazımdır”.

 

Müsahib sonda deyir ki, bizim mədəniyyətimiz inkişaf yoluna qədəm qoyacaq, biz dünya miqyasına çıxacayıq.

 

“Gənclərimiz üzlərini mədəniyyət istiqamətinə yönləndirəcəklər. Mədəniyyətin inkişafı üçün əhalinin də rifahı yaxşı olmalıdır. Bizim xalqımız mədəni, mədəniyyət sevən xalqdır. Sabir Rüstəmxanlı qeyd etmişkən; Bizim atlarımızın dırnağından mədəniyyət göyərib. Biz hara getmişik, özümüzlə mədəniyyətimizi də aparmışıq”.

 

Həcər Əmiraslanlı