“ARB 24” TV -Təkrar fikirlərin deyil, maraqlı diskussiyaların məkanı

Bölmə: MEDİA › ,
Tarix: 19:48 27.11.2023

Xəbər verdiyimiz kimi, bu gün ARB 24 kanalının ümumrespublika yayımına başlamasından 5 il ötür.

 

Məsələ ilə bağlı tarix elmləri doktoru,professor Nəsiman Yaqublu İnformator.az-a açıqlamasında telekanalla bağlı təəssüratlarını dilə gətirib.

 

“Bu gün Azərbaycanın televiziya məkanında ARB 24 kanalı özünəməxsus yer tutur. İlk növbədə onu deyim ki, ARB 24 əldə etdiyi informasiyaları obyektiv, olduqca maraqlı, bəzən canlı, bəzən də görüntülər vasitəsilə ictimaiyyətin diqqətinə çatdırır. Məhz bu keyfiyyətinə görə də, bu gün ARB 24 özünün geniş auditoriyasını qazanıb və qazanmaqda da davam edir”.

 

Nəsiman Yaqublunun sözlərinə görə, telekanalın müsbət keyfiyyətlərindən biri də, efir zamanı müxtəlif fikirlərin səsləndirilməsidir.

 

“ARB 24 kanalının müsbət cəhətlərindən biri də odur ki, efir zamanı müxtəlif fikirli insanları öz ətrafına cəlb edə bilir. Yəni, biz bəzi kanallardan fərqli olaraq, ARB 24-də eyni görüntülü, təkrar fikirlərin deyil, müxtəlif, maraqlı diskussiyaların şahidi oluruq. Elə bu xüsusiyyət ARB 24-ü digər kanallardan fərqləndirmək üçün kifayətdir. Düşünürəm ki, ARB 24 gələcəkdə də özünün maraqlı proqramları ilə informasiya məkanımızda tutduğu mövqeyini kifayət qədər möhkəmləndirəcək”, - deyə professor əlavə edib.

 

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli isə deyir ki, ona maraqlı olan telekanallardan biri də ARB 24-dür.

 

“ARB 24 mənim üçün Azərbaycan teleməkanında ən maraqlı kanallardan biridir. Mənim üçün ölkədə 2 ciddi kanal var. Biri Real TV dir, digəri isə ARB 24-dür. ARB 24 öz təhlilləri, hadisələrə operativ münasibəti, xüsusilə də, qərəzsiz, tərəfsiz, dəqiq faktları, peşəkar fəaliyyəti ilə cəmiyyətdə özünəməxsus bir yer tutub”.

 

Cahangir Məmmədli düşünür ki, ölkədə fəaliyyət göstərən kanallar içərisində, xəbərlərə ən operativ münasibət bəsləyəni ARB 24-dür.

 

“Bu gün mən ictimaiyyətdə baş verən hadisələri ARB 24-ün təhlilləri vasitəsilə müşahidə edirəm. Eyni zamanda, bu kanalın efirə dəvət etdiyi ekspertlər də olduqca peşəkar, respublika hadisələrindən xəbərdar, dünyagörüşlü, savadlı politoloqlardır. Digər kanallarda hamının baxmaqdan yorulduğu eksperlərdən fərqli olaraq, ARB 24-də yeni qüvvələrin şahidi oluruq”.

 

Professorun sözlərinə görə, bu keyfiyyət televiziya məkanında ən müsbət xüsusiyyətlərdən biridir.

 

“Həmçinin, ARB 24 mənə çox doğma kanaldır. Ən əsası da ona görə doğmadır ki, bizim tələbələrimizin böyük bir hissəsi rəhbərlikdən tutmuş, aparıcılığa, redaktorluğa qədər həmin kanalın əməkdaşlarıdır. Bu kanalın xəbər aparıcıları, müxtəlif xəbərlərlə bağlı rubrikaları son dərəcə müasir və aktualdır. Elə aparıcıların, əməkdaşları zəhmətinin bəhrəsidir ki, ARB 24 bu gün özünəməxsus geniş auditoriya, reytinq, ən əsası isə ictimaiyyətin inamını qazanmağı bacarıb. Hər kəsə uğurlar arzu edirəm”, - deyə jurnalist əlavə edib.

 

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun sözlərinə görə, ARB təkcə Azərbaycanda deyil, eyni zamanda Cənubi Qafqazda informasiya məkanında özünəməxsus payı və çəkisi olan bir kanaldır.

 

“ARB 24 bir xəbər kanalı kimi həm informasiyalar və onların çatdırılma texnologiyası, həm də analitik və maarifləndirici verilişləri ilə kifayət qədər maraqlı və rəngarəngdir”.

 

Vüqar Zifəroğlu qeyd edir ki, telekanalın müsbət məqamlardan biri də, bu kanalla əməkdaşlıq edənlərin fakültəmizin öz tələbələri olmasıdır.

 

“ARB 24-də çalışan işçilərin əksəriyyəti bizim fakültəmizin tələbələri və məzunlarıdır. Elə bunun nəticəsidir ki, peşəkarlıq, nəzərə-praktiki biliyin vəhdəti özünü göstərir”.

 

V.Zifəroğlu sonda telekanala öz təbriklərini çatdırıb.

 

“Telekanalın ümumrespublika yayımına başlamasının 5 illiyi münasibətilə bütün həmkarlarımı təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm", - deyə jurnalist yekunlaşdırıb.

 

Həcər Əmiraslanlı