Netanyahu hakimiyyətdən gedəcəkmi?- açıqlama

Bölmə: Sosial › ,
Tarix: 23:38 27.11.2023

İsraildə hazırda Netanyahunun istefası tələbilə mitinqlər keçirilir. Məsələni informator.az-a şərh edən analitik jurnalist Kazım Kazımov bildirib ki, əslində bölgəni yaxından izləyənlər çox yaxşı bilirlər ki, İsraildə son bir ildə istisnasız olaraq bütün həftələrdə, xüsusən həftəsonları mitinqlər keçirilmişdi.

 

"Çünki Benyamin Netanyahunun hüquq islahatları layihəsi vardır. Bu layihəyə əsasən məhkəmə sisteminin sənədləri hazırlanacaq və məhkəmənin səlahiyyətləri azaldılacaq, bir hissəsi Netanyahuya veriləcək və parlamentdən əlavə də Baş Nazirliyə bəzi səlahiyyətlərin keçirilməsi təklifi var idi. Buna etiraz olaraq xüsusən Netanyahu elektratının bir qismi də, həmçinin müxalifət siyasi partiyalar da hər həftəsonu sayı bəzən 200 minə çatan Aşkelonda, Hayfada və digər böyük şəhərlərdə mitinqlər keçirirdilər. Lakin 7 oktyabrda başlayan döyüşlərdən sonra həm hərbi vəziyyət elan edildi, həm də İsraildə artıq faktiki olaraq döyüşlər gedirdi və buna görə də mitinqlər dayanmışdı".

 

Jurnalist deyir ki, prosesin çox uzanması, İsrail vətəndaşı olan əsirləri Netanyahunun tamamilə hamısını geri ala bilməməsi, İsrailin çox sayda həm sivil vətəndaşı, həm də əsgərini itirməsi, digər tərəfdən bölgədə Fələstinlə münaqişənin çox ciddiləşməsi İsrail xalqında bir təlaşa səbəb olub.

 

"Onlar düşünürlər ki, Netanyahu həm siyasi cəhətdən, həm də hərbi cəhətdən düzgün qərarlar qəbul etməyib. Xüsusilə əsirlikdə olanların ailələri, yaxınları və onların yaxın olduğu siyasi partiyalar tez-tez son 2 həftədə 3-4 dəfə mitinq keçirmişdi. Onların ilk tələbi budur ki, əsirlər azad olunsun. Bundan əlavə hesabat ver görək, nəyə görə 7 oktaybrda Həmasın qəfil hücumundan heç bir xəbəriniz olmadı, heç bir tədbir almamışdınız və İsrail o qədər ciddi itkiləri vardı. Digər tərəfdən də onlar hesab edirlər ki, Netanyahu hesabat versə belə, bir Baş Nazir olaraq məsuliyyət daşıyır və ona görə istefa verməlidir".


Bəs Netanyahu istefa verəcəkmi?


Kazım Kazımov ən azından bu günlərdə, yəni aktiv hərbi əməliyyatlar davam etdiyi dövrdə Netanyahunun istefa verəcəyini gözləmir.

 

"Çünki bu qədər proseslər mürəkkəb olduğu bir vəziyyətdə və hərbi əməliyyatlar davam edərkən hakimiyyət dəyişikliyi uğurlu bir addım deyil. Həm də bu qədər sonu bəlli olmayan bir yola girmişkən heç kim Netanyahunun aldığı məsuliyyəti üstünə almaq istəməz".

 

Şərhçi qeyd edir ki, bu proseslər ən uzağı bir neçə ay ərzində bitsə belə, Netanyahu iqtidardan gedəcəyi təqdirdə İsrailin problemi yenə də həll olmur.

 

"Çünki İsrail içərisində siyasi çəkişmələr çox mürəkkəb bir həddə çatıb. Belə ki, İsraildə son 4 il ərzində 5 dəfə erkən seçimlər keçirilib. Dəfələrlə qurulmuş hökumətlər dağılıb, hətta Netanyahudan qabaq 8 partiya bir yerdə anlaşa bilmədi. Buna görə də iqtisadiyyatın idarə edilməsində xarici və daxili siyasətdə anlaşılmazlığa düşdülər. Hətta İsraildəki Ərəb partiyaları da sırf yetərsay olsun deyə, koalisyona daxil edilmişdi və təbii ki, bu koalisyon yerimədi və ona görə də bir il sonra Nətanyahu yenidən iqtidara qayıtdı".

 

Jurnalist eyni zamanda qeyd edir ki, bu gün Netanyahunun öz koalisiyasına da baxdıqda əslində çox da uğurlu koalisyon qurub deyə bilmərik.


"İsraildəki siyasi çəkişmələrin birinci səbəbi Fələstin məsələsinə görə, ikincisi İsrail daxilindəki siyasi proseslərə görədir və sonuncusu fərqli dinlərdən qrupların olmasıdır. Buna görə də həm dini məsələlərdə, həm digər dünyəvi məsələlərdə fərqli baxışları vardır. Bu baxış sistemini təbii ki eyni olmasını heç kim gözləmir, amma ən azından ortaq dil tapılmazsa, bu İsrail üçün yenidən daima erkən seçkilər deməkdir".

 

Kazım Kazımovun sözlərinə görə, İsrail bilirsiniz ki, son bir il bundan qabağa qədər 3 il ərzində dövlət büdcəsini hazırlaya bilməmişdi və bu bir dövlət üçün çox ciddi bir problemdir.


"Ondan əlavə son bir il ərzində Mossad, Şin Bet, Ordu, İDF və Netanyahu arasındakı çəkişmələr səbəbi ilə də hərbi qurumlardan 10 minə qədər istefa olmuşdu. Yəni bir tərəfdən də bu proseslər İsrailin müdafiə qalxanını da zəiflədən bir prosesdir".

 

Şərhçi sonda vurğulayır ki, bu gün Netanyahu iqtidardadır və böyük ehtimal ki, bu şiddətli döyüşlər davam etdiyi dönəmdə iqtidarı təhvil verməyəcəkdir", deyə fikrini tamamlayıb.

 

Aynur Babayeva