Söküntüdən şikayət
Bölmə: Hadisə › ,Tarix: 20:32 13.12.2023
Səbail rayonu Qurban Abbasov 38 ünvanında divar qonşularını üz-üzə qoyan problemdən danışacağıq. Deməli qonşulardan biri evini söküb yerində bina tikmək istəyir, digər qonşu isə "sökmə, evim uçacaq"- deyir.
Araz Məmmədov iddia edir ki, evini Anar Məhərrəmov qəzalı vəziyyətə salıb.
Deyir ki, adıçəkilən şəxslə uzun müddətdir divar qonşusudur. O evinin yerində hündür mərtəbəli bina inşa etmək istəyir, bu səbəbdən də tikilinin söküntüsünə başlayıb, amma görülən işlər divarın bu tayına, onun evinə ciddi zərər vurub.
Bu iddialarla Anar Məhərrəmov adlı şəxs isə razılaşmır.
Yaranmış mübahisəyə aydınlıq gətirmək üçün Araz Məmmədov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib. Əraziyə baxış keçirən qurum əməkdaşları müvafiq akt tərtib ediblər. Sənəddə də açıq-aydın qeyd edilib ki, aparılan işlər vətəndaşın yaşadığı mənzilə zərər vurub.
Bəs qanun bu işə nə deyir, ortaq divar sökülə bilərmi?
Hüquqşünas Vamiq Şükürov bildirib ki, tikinti və şəhərsalma məcəlləsinə əsasən, hər iki vətəndaşa aid olan torpaq sahəsinə aid olan hissədə ortaq divarlar tikilərkən hökmən hər iki qonşunun razılığı olmalıdı və belə bir razılıq olmadan ortaq divarların sökülməsi qadağandır.
" Buna görə də bu söküntü işlərini aparan şəxslər inzibati məsuliyyət daşıyırlar və dəymiş zərərə görə məsuliyyəti də onlar üzərinə qanun qoyulur".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən məsələyə münasibət bildirilib.
"Akt tərtib edilibsə, söküntü aparıla bilməz, hər bir halda əraziyə mütəxəssislər baxış keçirəcək və qanuna müvafiq qaydada tədbir görüləcək".
Fidan