Tarixdə bu gün - Ramiz Rövşənin doğum günü

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:43 15.12.2023

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşənin doğum günüdür.

 

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonu 208  nömrəli orta məktəbində təhsil aldıqdan sonra Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olub. Bundan sonra Moskva Ali Ssenari Kurslarını bitirən Ramiz Rövşən fərqli illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, kinostudiyanın ssenari emalatxanasında ssenarist, ssenari redaksiya heyətinin üzvü, kinostudiyanın baş redaktoru, Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru işləyib.

 

Öz şeirləri ilə könülləri fəth edən Ramiz Rövşən, Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.


Ramiz Rövşənin doğum günü münasibətilə Azərbaycanın məşhur şairi, filologiya elmləri doktoru, professor, Zahid Xəlil informator.az-a etdiyi açıqlama zamanı bu sözləri söyləyib:


"Ramiz Rövşən son dərəcə orijinal bir sənətkardır. Onun orijinallığı başqa cür düşünmək qabiliyyətindədir.
Məsələn, biz adi halda deyirik, sən getdin və ya əbədiyyətə qovuşdun! Amma Ramiz Rövşən deyir: -Boşaldı dünyanın sən olan yeri!

Kəsilmiş bir ağacın taleyindən kimsə təəssüflə danışar, kim isə lənətləyər, amma Ramiz Rövşən belə yazır:
Küsdün mü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Başı kəsik gözəl kötük! ".

 


Zahid Xəlil qeyd edib ki, Əli Kərim, Vaqif Səmədoğlu, Ramiz Rövşən poeziyası olmasa, bizim şeirlərimiz çox bəsit görünərdi.

 

"Bu şairlər bir birinə bənzəməyən, amma eyni ananın övladlarıdır. Ramizin ad gününü ürəkdən təbrik edirəm".

Yusif Mamedov