"Səttarın Azərbaycanı" filminin təqdimatı keçirilib

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:49 15.12.2023

Bu gün Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Səttar Bəhlulzadəyə həsr olunan "Səttarın Azərbaycanı" sənədli filminin təqdimatı keçirildi.


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və "Made in Baku Production"-nın birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn bu sənədli film görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunub.


Filmin ssenari müəllifləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, aparıcı, ssenarist, rejissor Rafiq Həşimov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğludur.


Bundan əlavə, filmin təqdimatında bir çox görkəmli şəxs iştirak edib.


Filmin ssenari müəlliflərindən Səlim Babullaoğlu film haqqında  informator.az-a açıqlaması zamanı qeyd edib ki, film 2 əsas xətt  - Səttar Bəhlulzadənin gündəlikləri və  Azərbaycanın müxtəlif guşələrini çəkib, həkk etməsi üzərində irəliləyir.

 

"Düşünürəm ki, Səttar Bəhlulzadə o rəssamlardandır ki, onun tabloları ölkəmizi, vətənimizi gözəl təqdim edə bilib".

 


Filmin nümayişindən sonra izləyicilərdən jurnalist-publisist Nəzirməmməd Zöhrablı informator.az-a açıqlamasında filmin çox maraqlı olduğunu, Səttar Bəhlulzadənin həyat və yaradıcılığının filmə yaxşı yansıdıldığını bildirib.

 

Qeyd edək ki, bu gün, 15 dekabr Səttar Bəhlulzadənin anadan olduğu gündür. 

 

Yusif Mamedov