Bizim Memarlıq Universitetinin tərkibində mütəxəssislər hazırlamaq lazımdır ki...

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:17 20.12.2023

Son zamanlar paytaxtda və bölgələrdə abidələrə müdaxilə hallarına təsadüf edilir. Memar Elçin Əliyev bu problemin kompleks həlli ilə bağlı informator.az saytına müsahibə verib.

 

Elçin Əliyev deyir ki, son zamanlarda paytaxtda və bölgələrdə abidələrə müdaxilə halları çoxalıb, təəssüf ki, bu mədəniyyətsizlikdir.

 

"Bu işlərin layihəsiz görülməsidir. İndi Mədəniyyət Nazirliyi tərəfindən bunun qarşısını almaq üçün müəyyən addımlar atılır, Mədəniyyət Nazirliyinin tərkibində böyük bir şura yaradılıb, aparıcı memarlıq abidələrinin qorunması haqqında alimlər, mütəxəssislər yığılıb, mən də ora dəvətliyəm. İndi əsas iş 2001-ci ildə tərtib olunan memarlıq abidələrinin siyahısına baxılmasıdır".

 

Memar qeyd edir ki, memarlıq abidəsinin adı qorunması lazım olan memarlıq abidələrinin siyahısında varsa, o qorunmalıdır.

 

"İlk dəfə Azərbaycanda bu siyahı 1950-ci illərin sonunda tərtib olunub, 1980-ci illərdə buna baxılıb və axırıncı dəfə indi hal-hazırda mövcud olan siyahı 2001-ci ildə tərtib olunub. O dövrdə yuxarıdan göstəriş verilmişdi ki, bu siyahı böyük olmalıdır və o dövrdə icra hakimiyyətləri memarlıq abidələrinin sırasına lazım olmayan binaları salmışdılar ki, indi faktiki binaların sayı 10 minə yaxındır".

 

Elçin Əliyev bildirir ki, bu göstərici böyük bir Avropa şəhərində olan rəqəmdən də böyükdür.

 

"Birinci növbədə, o abidələrə baxılmalıdır ki, həmin abidələr həqiqətən də dövlət tərəfindən qorunmağa layiqdirmi? Biz dəfələrlə şahid olmuşuq ki, gözəl memarlıq abidəsi siyahıya salınmayıb, amma siyahının tərkibində elə bir bina var ki, heç memarlıq abidəsi deyil amma qorunur, belə gülməli vəziyyətlər yaranıb".

 

Müsahib deyir ki, təcili şəkildə yaxın gələcəkdə bu siyahının tərkibinə yenidən baxılmalıdır.

 

"Bizdə memarlıq abidələrinin qorunması ilə Mədəniyyət Nazirliyi məşğul olur və onun tərkibində xüsusi xidmət- "Mədəni irsin qorunması xidməti" var. Fəqət, təəssüf ki, həmin xidmətdə cəmi 30-40 nəfər adam var, onların da maaşı çox aşağıdır və nəticədə belə bir vəziyyət yaranıb ki, bu abidələrin qorunması ilə məşğul olacaq insanların sayı çatmır, avadanlıq çatmır. Xoşbəxtlikdən, biz Qarabağ zonasında olan 2700-dən çox memarlıq abidəsinə qovuşduq. Onların indi analizini keçirtmək, onların vəziyyətini öyrənmək, çox önəmlidir".

 

Elçin Əliyev qeyd edir ki, təəssüf ki, bunun üçün mütəxəssislər kifayət qədər deyil.

 

"Bizim Memarlıq Universitetinin tərkibində mütəxəssislər hazırlamaq lazımdır ki, yaxın gələcəkdə onlar bu mövzu ilə məşğul olsunlar".

 

Müsahib əlavə edir ki, Azərbaycanda olan memarlıq abidələrinin siyahısına uyğun bərpa proqramı tərtib edilməlidir. 

 

"Bizim imkanlarımız da məhduddur, il ərzində maksimum 10 memarlıq abidəsinin bərpa işləri görülə bilər. Bu minlərlə memarlıq abidəsinin düzgün bərpa işlərinin aparılması üçün yaxın 30-50 il üçün proqramı hazırlanmalıdır. Biz hansı il hansı memarlıq abidələri bərpa olunacaq, dəqiq bilməliyik".

 

Memar sonda qeyd edir ki, bu işlərə maksimum dərəcədə tez baxılmalıdır ki, abidələrin vəziyyəti "ağırlaşmasın".

 

Gülay Qəribova