Gəzinti gəmisi batıb
Bölmə: Hadisə › ,Tarix: 23:04 22.12.2023
Xəzərin dənizinin Bakı ərazisində gəzinti gəmisi batıb. İçərisində 6 nəfərin olduğu yaxtanın qəza törətdiyi əraziyə xilasedicilər cəlb edilib.
Hadisə sahildən təqribən 1 kilometr məsafədə baş verib. Məhz bu nöqtədən hərəkətə başlayan gəmi marşurutunu başa vurub geri qayıdanda döşəməsi zədələnib nəticədə su yaxtanın bortuna dolub.
TƏBİB-dən verilən məlumata görə, qəza zamanı ümumilikdə 4 qadın zərər çəkib. Onlardan birinə yerində tibbi yardım göstərilib, digər 3 nəfər isə donma təhlükəsi ilə üz-üzə qaldığı üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. İlkin müdaxilədən sonra hər biri ambulator müalicəyə buraxılıb. Hadisənin səbəbilə bağlı Dövlət Dəniz və Liman Agentliyi də məlumat yayıb.
Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib ki, dənizə çıxan "Delfin 2" gəmisi sualtı maniə ilə üzləşib və nəticədə qəza baş verib.
"Dərhal Dövlət dəniz və liman agentliyinin gəmi hərəkətinin idarəedilməsi mərkəzinin operatorları FHN-ə və sahil mühafizə xidmətinə məlumat verib. Heç bir tələfat yoxdur, hazırda hadisə ilə bağlı araşdırma aparılır".
Bulvar idarəsindən isə deyildi ki, nə batan gəminin, nə də qəza baş verən ərazisinin dənizkənarı milli parkla əlaqəsi var. O da bildirildi ki, ötən ilin oktyabr ayından etibarən tur gəmilərinin fəaliyyəti dayandırılıb. Sözügedən "Delfin 2" adlı yaxta özəl mülkdür.
Gündüz