BDU-da " Ölülər" əsəri səhnələşdirildi

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:24 25.12.2023

Bu gün Bakı Dövlət Universitetində  BDU Mədəniyyət Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri səhnələşdirildi.

 

Tamaşadan öncə informator.az - a açıqlama verən əməkdar artist Anar Heybətov qeyd etdi ki, bu əsərin səhnələşdirilməsi onun üçün çox xoş oldu. 

 

"Tələbələr Cəlil Məmmədquluzadəyə müraciət ediblər, onun möhtəşəm "Ölülər" əsərini işləyiblər.  İnanıram ki, gözəl tamaşa izləyəcəyik.  Vahid müəllimlə yanaşı, gözəl bacım qızı Nərmin Zeynalova da məni buraya dəvət edib. Buraya böyük məmnuniyyətlə gəldim, düşünürəm ki, yeni nələrsə görəcəyəm və inanıram ki,  tələbələrin hər biri istedadlı uşaqlardır. Vahid müəllim də razılığını bildirib, mən də hər birinə uğurlar arzu edirəm".

 

Tamaşadan sonra isə tamaşanın rejissoru Vahid Orucoğlu saytımıza açıqlamasında bildirdi ki,  Mədəniyyət Yaradıcılıq Mərkəzinin tarixində yeganə tamaşadır ki, 2- 3 ay məşq edilib.

 

"Çox həyəcanlı, ağır dövrdən keçsək də  tələbələrimiz həqiqətən öhdəsindən gəldilər,  hər birinə təşəkkür edirəm"!


Jurnalistika fakültəsinin  Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev tamaşadan çox zövq aldığını, tələbələrin  demək olar ki, professional aktyorlardan seçilmədiyini qeyd edib.

 

"Hər birinə, bütün yaradıcı heyətə təşəkkür edirəm! Fakültəmizin də tələbələri sübut edirlər ki, onların fəaliyyəti hərtərəflidir,  jurnalistliklə yanaşı, aktyorluğu da bacarırlar. Uğurlar arzu edirəm"!

 

Kefli İsgəndər rolunu canlandıran tələbə Hüseyn Cabbarlı roluna necə hazırlaşdığından danışdı:

 

"Öz rolumu canlandırarkən həmin dövrdə  İsgəndər yox, Hüseyn kimi  olsaydım, nəyə, necə reaksiya verərdimsə, onu etdim. Burada mənim üzərində tək işlədiyim, keflilik, içkili olmaq idi. Digərləri isə özümün reaksiyaları idi".

 

Tamaşada ağalardan birini- Mir Bağır Ağanı canlandıran  tələbə Ayaz Zeynalzadə bildirdi ki, belə bir əsərdə rol almaq onun üçün qürurvericidir.

 

"  Əsərdə göstərilən problemlər günümüzlə də ayaqlaşır və bu əsəri hələ də səhnələrdə görmək hər birimizi sevindirir".


Tələbə düşünür ki, "Ölülər" əsəri  hər zaman ölümsüz qalacaq.

 

Zeynəb rolunu canlandıran tələbə Rəna Əsədova da tamaşa haqqında təəsüratlarını belə bölüşdü:

 

"Qeyd etmək istəyirəm ki, tamaşa həqiqətən də çox böyük zəhmətlə hazırlandı, xüsusilə, burada Vahid müəllimin əziyyəti çoxdur. Öz rolum- Zeynəb haqqında   demək istəyirəm ki, o, dul, oğul həsrəti çəkən, qaravaş qadın idi.  Mən də bu rolda çıxış etdim, digər bütün rollarda möhtəşəm idi, üstündə çox işlənilib".

Qeyd edək ki, tamaşa bu gün Bakı Dövlət Universitetinin Əsas binasında, akt zalında səhnələşdirildi.

 

Nəzrin Mirzəyeva