Naxçıvanın qədim inciləri

Bölmə: Mədəniyyət › ,
Tarix: 18:18 28.12.2023

Naxçıvanda əsas diqqət çəkən abidələrdən və daha doğrusu Naxçıvanın əzəmətini nümayiş etdirən abidələrdən biri də Möminə Xatun türbəsidir. Bu türbə həm də bura gələn turistlərin əsas diqqət mərkəzinə çevrilir.

 

Türbə haqqında məlumat verən bələdçi Türkay Quliyeva söyləyib ki, türbə xaricdən onbucaqlıdır. Hər bucağında aşağıdan yuxarıya doğru yasin surəsindən ayələrlə haşiyələnib.

 

"Türbə daxildən sadə, dairəvi formadadır və bişmiş kərpiclə tikilib. Yalnız gümbəz hissədə 4 medalyon var. Medalyonların da mərkəz hissədə allah və xəlifələrin adları qeyd olunub. Möminə xatun türbəsinin ətrafında qoşaminarəli baştağ və cami məscidi yerləşirdi. Amma 19-cu əsrdə dağılmış dövrümüzə gəlib çatmayıb".

 

Möminə Xatun türbəsinin 50-60 metrliyində, Qədim Qala məhəlləsində Xan Sarayı inşa edilib. Vaxtilə Naxçıvan xanlarının yaşayış evi olan bu məkanda indi 19-cu əsrə aid bir-birindən fərqli xalçalar, milli geyimlər, mis-gümüş məişət əşyaları, silahlar nümayiş olunur.

 

Naxçıvan şəhəri, Əlixan məhəlləsində isə böyük şair, dramaturq Hüseyn Cavidin nəşi yerləşir və onun üzərində isə 1996- cı ildə məqbərə inşa edilib. Qeyd edək ki, dramaturqun nəşi 1982-ci ildə Sibirdən öz doğulduğu yurduna gətirilib.

 

Məqbərənin bələdçisi Aytəkin Əliyeva qeyd edib ki, məqbərənin tikilişi zamanı Hüseyn Cavidin nəşi basdırılandan sonra öncə Müşginaz Cavidin Bakı qəbiristanlığından nəşi gətirilib, daha sonra Ərtoğrul Cavidin Naxçıvan qəbiristanlığından nəşi gətirilərək məqbərədə dəfn edilib. 

 

"Qızı Turan Caviddə sağlığında vəsiyyəti nəzərə alınaraq onun da 2004-cü ildə vəfatından sonra nəşi gətirilərək dəfn edilib. Məqbərə Cavidlər ailəsinin uyuduğu ziyarətgahımızdır. Xaricdən, ən çox da Türkiyədən məqbərəyə çoxlu qonaqlarımız axışır".

 

Bəhruz Kəngərli muzeyi vaxtilə Milli lider Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumdur. Muzeyin direktoru Səbinə Əlincəli Bəhruz Kəngərlinin Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi olduğunu bildirib.

 

"Bəhruz Kəngərli Azərbaycan rəsm sənətində bir sıra ilklərə imza atan rəssamdır. Ümumilikdə 1300-dən artıq eksponat yer alır burda. Mən istəyərdim ki, əsas diqqəti qaçqınlar silsiləsinə yönəldim. Silsiləyə 30-a yaxın sulu boya ilə işləmiş rəsm əsəri daxildir. Bu gün ermənistan adlanan əsl həqiqətdə isə azərbaycan torpaqları olan qərbi azərbaycandan Naxçıvana pənah gətirmiş insanlar təsvir olunub".