Yeniyetmə balkondan yıxıldı-Təcili yardım gəlmədi

Bölmə: Hadisə › ,
Tarix: 15:01 04.01.2024

2-ci mərtəbədən yıxılan yeniyetmənin vəziyyəti ağırdır.

 

Yanvarın 3-də Masazır qəsəbəsində 15 yaşlı Ayan Aslanova 2-ci mərtəbədən yıxılıb. Hadisə Füzuli küçəsi 49- da baş verib.

 

Həmin ərazidə yaşayan qonşu Nərmin Hüseynzadə informator.az- a açıqlaması zamanı bildirib ki, hadisə baş verdikdən sonra  dərhal, saat 22:08-də təcili tibbi yardıma zəng etsələr də tibbi yardım göndərilməyib.

 

"Gurultu səsini eşidib, çıxdım, uşağın yıxıldığını görüb, dərhal, saat 22:08 də təcili yardıma, 103-ə zəng etdim, onlar isə məni 112-ə yönləndirdilər, mən də ora zəng edib uşağın yıxıldığını, ilkin görünən halla ayaqlarının sındığını bildirdim, onlar təcili yardım göndərəcəklərini bildirsələr də göndərilmədi. Mən onlarla 6-7 dəfə əlaqə saxlamağa çalışsam da təcili yardım gəlmədi. Bu müddət ərzində hadisə ilə bağlı polis mənə zəng etdi. Daha sonra yenidən 112 ilə əlaqə saxladım mənə Abşeron rayonu təcili tibbi yardımın nömrəsini verdilər, ora da zəng etdim, ancaq cavablandırılmadı".

 

Məlumata görə, yeniyetmə 1 saatdan çox müddətdə orada qalıb, vətəndaşlar daxili qanaxmanın olub-olmadığını bilmədikləri üçün müdaxilə edə bilməyiblər.

 

"Təcili yardım gəlmədiyinə görə böyük bir taxta tapıb uşağı onun üstünə qoyduq, qohumlardan birinin maşını ilə travmatologiyaya aparıldı, orada ilkin tibbi yardım edilib, 1 saylı Şəhər Kliniki Xəstəxanasına ( Semaşko) göndərildi.

 Hadisədən saatlar sonra, 01:10da təcili tibbi yardımdan mənlə əlaqə saxladılar ki, gəlmək lazımdır? Yeniyetmənin vəziyyəti ağırdır, reanimasiyadadır".

 

Məsələ ilə bağlı TƏBİB-dən saytımıza verilən açıqlamada qeyd olunur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.

"Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb. Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub.

Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq".

Məlumatda əlavə olaraq bildiririlir ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub.

"Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir".

 

Nəzrin Mirzəyeva