Bakıda ağır qəza baş verdi-Ölən var

Bölmə: Hadisə › ,
Tarix: 19:40 01.03.2024

Bu gün Bakıda ölümlə nəticələnən qəza baş verib. Hadisə metronun "Koroğlu" stansiyasının qarşısında Nəqliyyat Mübadiləsi Mərkəzində qeydə alınıb. Belə ki, "Bakubus" MMC-yə məxsus Koroğlu-Ramana istiqamətində hərəkət edən 163 nömrəli avtobus qəza törədib. Hadisə şəxsin piyada üçün qadağan olunmuş yerdən keçdiyi zaman baş verib. 

 

Bəs məsələ hüquqi cəhətdən necə həll olunacaq?

 

Bu barədə "İnformator.az"a açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

 

"Cinayət Məcəlləsinə əsasən, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

 

Qeyd edək ki, avtobusun altında qalaraq ölən şəxsin 26 yaşlı İbrahimov Oruc İbrahim oğlu olması məlum olub.

 

 

İlahə Həsənova