"Efiri şit və bayağı verilişlərdən xilas etməliyik"-Ekspertdən ETİRAZ

Bölmə: MEDİA › ,
Tarix: 22:53 12.03.2024

Kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Bayağı və reytinq xatirinə qalmaqal yaradan televiziya verilişləri nə zaman düzələcək? Bu barədə nə tədbirlər görülür?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Hacıbəy Heydərli bildirir ki, bayağı və reytinq xatirinə qalmaqal yaradan verilişlər təkcə Azərbaycanda deyil:

 

“Bu dünyanın bir çox ölkələrində var və biz bunun şahidi oluruq. Özəl sektorun ən çox tələb olunan sahəsi reklamdır. Reklam cəlb etmək üçün isə çox təəssüflər olsun ki, biz belə bayağı şoularla qarşılaşırıq. Azərbaycanda da uzun illərdir bununla bağlı narazılıqlar, cəmiyyətdə neqativ fikirlər var. Təkcə bu günün problemi deyil. Bundan əvvəl də hər hansı televiziya kanallarında yayımlanan verilişlərdə bunun şahidi olurduq. Amma son dövrlər, xüsusən də bu sezondan etibarən biz gördük ki, televiziya kanallarında insanların şəxsi həyatı, ailədaxili məsələləri çox ön plana çıxmağa başladı. Son illərdə bu dərəcədə olmayıb".

 

Ekspert qeyd edir ki, bütün bu amillər sonda mənfi nəticəsini verdi:

 

"Televiziya rəhbərləri Prezident Adminstrasiyasına çağırıldı. Orda onlarla söhbətlər aparıldı və xəbərdarlıq edildi. Təbii ki, bundan sonrakı mərhələdə televiziya kanalları öz yayımlarına dəyişiklik etməyə, tamaşaçı üçün faydalı, maarifləndirici kontentlər verməyə məcburdular. Amma bu kontent verilişlərin reytinqinə təsir edəcəksə növbəti mövsümdən etibarən bu verilişlərin yayımda qalması müzakirə olunacaq. İndiki mərhələdə bu tədbirlə davamlı olaraq görülür. Həm Audiovizual Şura tərəfindən, həm də cəmiyyət tərəfindən neqativ fikirlər televiziya rəhbərlərinə çatdırılıb. Yaxın vaxtlarda televiziya rəhbərləri öz yayım siyasətlərində dəyişiklik etmərlərsə, daha ciddi tədbirlər görüləcək, hətta kanalların bağlanması baş verə bilər”.

 

 

Gülnisə Əfkari