"İşıq" qadın jurnalı işıq üzü görüb -AÇIQLAMA
Bölmə: Mədəniyyət › ,Tarix: 21:54 15.03.2024
"Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Füyuzat mərkəzində təşkil olunan bu gözəl görüş uzun zaman nə tələbələrin, nə də görüş iştirakçılarının yaddaşından silinməyəcək. Çünki bu çox mübarək bir işıqlı yola həsr olunan görüş idi".
Bu sözləri "İnformator.az"a açıqlamasında Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı “Azərbaycan qadınının “İşıq”ı – dünəndən bu günə” adlı tədbirdən təəsüratlarını bölüşərkən söyləyib.
O qeyd etdi ki, ötən əsrin əvvəllərində Şərqdə ilk qadın qəzeti- "İşıq" qəzeti işıq üzü gördü:
"1911-ci ildə işıq üzü görən "İşıq"ımız cəmi bir il yarım ömürlə o dövrün qaranlıq duyğularına, bir qədər mövhumatın məngənəsində sıxılan qadınlarımızın həyatına işıq saçdı.
Bir əsrdən sonra yenidən "İşıq" dərgisi işıq üzü görsün bu günün, cəmiyyətin xanımına xitab etsin deyə MİMTA (Milli-İrsi Tarixi Araşdırmalar fondu) "Füyuzat" jurnalından sonra belə bir missiyanı öz üzərinə götürdü ki, "İşıq" dərgisi, jurnalı çap edilsin.
"İşıq" jurnalında bu günün xanımlarının, analarının, cəmiyyətdə fəaliyyət göstərən və evdə övlad böyüdüb cəmiyyət üçün, sabahımız üçün yetişdirən analara xitab edən dərgini ərsəyə gətirdilər.
Əslində işığın qaranlıqda mövcud olması, qaranlıqda bir şam yandırıb işıq saçması çətin də olsa, həm də dövr üçün, zaman üçün vaxtında atılan bir addım kimi bütün hallarda dəyərlidir. Amma bu gün dünyanın dörd bir tərəfindən həyatlarına işığın az qala projektorlarla düşən bir çağda insanların doğma, dürüst işığı seçib onun ardınca getməsi əsl haqq yolunda gerçəkdən xalqın milli mədəni dəyərlərinə söykənən sabahlarımıza işıq daşıya biləcək bir yolda irəliləməsi o qədər də asan deyil".
Əməkdar incəsənət xadiminin sözlərinə görə, "İşıq" qadın jurnalı öz üzərinə belə bir missiyanı götürdü ki, Azərbaycan qadının milli-mədəni dəyərlərini, onun gələcəyi üçün, gələcəyə hesablanan gözəlliklərini, mənəvi qürurunu, bir insan tərbiyəsindəki önəmli rolunu , cəmiyyətdəki yerini öz işığının səhifələrində işıqlandırmaqla sabahımızın cəmiyyətimizin daha sağlam, daha möhkəm olmasına xidmət etsin:
"Bu günkü tədbir də məhz sabahın jurnalistlərinə bizimlə qələm sahibi olacaq, çiyin-çiyinə addımlayacaq bu yolda işığını bizim işığımıza qatacaq insanlarla görüşümüz baxımından son dərəcə dəyərlidir. Elə bilirəm ki, bu gün bizə sadəcə bir müəllim, ustad kimi baxanların çoxu sabah özləri ustad olaraq bax belə görüşlərə, öz oxuduqları universitetlərə gəlib gələcək naminə atılan addımlarından qələmin qüdrətindən söz açacaqlar".
Banuçiçək Kalbalıyeva
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu