İnformasiya uşaqların gözündə

Bölmə: MEDİA › ,
Tarix: 07:42 08.04.2024

İnformasiya - kommunikasiya texnologiyalarından səmərəli istifadənin təmin edilməsi üçün mütəmadi olaraq daim yenilənən və inkişaf edən yeni texnologiyalar yaradılır. Kütləvi informasiya vasitələri cəmiyyətin həyatına, ayrılıqda isə bütün fərdlərinə sosial – siyasi, psixoloji və mənəvi təsir edir. Özəlliklə sosial medianın imkanları sərhədsizdir. Çox sürətlə inkişaf edən internet tətbiqlərinin təsirləri dəyişikliyə səbəb olur. Sosial həyatda yeni kommunikasiya texnologiyalarından biri olan internet iqtisadiyyatdan səhiyyəyə, əyləncəyə, mədəniyyətdən incəsənətə, alış-verişə, elmə qədər hər sahədə əhəmiyyətini artırmaqdadır. Bu imkanlardan artıq uşaqların da rahatlıqla istifadəsi aktual mövzulardan biridir deyə bilərik.

 

Müasir cəmiyyətdə uşaqların inkişafına yönəlmiş verilişlərin, intellekt oyunların, animasiya filmlərinin və s. əhəmiyyəti danılmazdır. Əyləndirmək və öyrətmək funksiyası daşıyan bu sosial həyatla uşaqlar hətta yetkinlik yaşına çatmadan tanış olurlar. Buradan artıq onların həyatının ayrılmaz hissəsinə çevrilir. 

 

Bəzi mütəxəssis və psixoloqların fikrincə elmi məzmunu olmayan və sırf əyləncə xarakteri daşıyan verilişlər uşaqların zehni fəaliyyətlərini zəiflədir və onların yaradıcılıq duyğularını əllərindən alır. Həmçinin, televiziya çox vaxt qiymətli saatların səmərəsiz keçməsinə gətirib çıxarır və uşaqların tərəqqisinə səbəb ola biləcək mütaliə, maraqlı oyunlar, idman və məktəbdən xaric fəaliyyətlərin qarşısını alır. Bunun günahkarı isə yalnız və yalnız valideynlərdə görülür ki, öz işlərini asanlaşdırmaq istəyərkən övladlarını bu bataqlığa həbs edirlər ki, bu da bir müddət sonra asılılığa gətirib çıxarır. 

 

Lakin bunun müsbət tərəfləri də var ki, düzgün seçilmiş proqram uşaqların xəyal gücünü, dünyagörüşünü artırır. Uşağa böyüklərə hörmət, insanlararası münasibət, mərhəmət və bu kimi müsbət hisslər aşılayır. 

 

Uşaq verilişləri və filmlərinin özü də yaş kateqoriyalarına ayrılır. Bəllidir ki, televiziyanın təsir etmək imkanları çoxdur. Televiziya vasitəsilə kütlənin psixologiyasını belə dəyişmək mümkündür. Düzgün qurulmuş strategiya ilə mütəmadi olaraq işıqlandırılan hər hansı bir mövzunu şüuraltına yeritmək o qədər də çətin deyil. Cəmiyyətin mənəvi tərbiyəsi yönündən götürəndə televiziyanın birbaşa təsiri ilə yanaşı dolayı yolla, yəni şüuraltına təsir etmək imkanları effektli təsir edə bilir. Zorakılıq, seksual davranış, sağlam olmayan həyat tərzi, ədəbsizlik, anti-ictimai həyat tərzi olan bir çox personajların həyatı müasir gənc və yeniyetmələrə olduqca mənfi təəssürat bağışlayır. Bundan başqa, bir çox proqramlar uşaq mövqeyini əks etdirirmiş kimi, tez-tez gizli, mətnaltı seksuallığı əks etdirir, açıqca zorakılıq və ictimai nöqteyi nəzərdən qəbul olunan həyat tərzinə etinasızlıq səhnələri nümayiş etdirilir, məsələn bəzi çizgi filmləri oğlanın makiyaj etməsi və ya qızın saqqal saxlaması və s. kimi davranışları uşaqlara təbliğ edir. Onlar məhz personajlardan özlərini necə aparmağı öyrənir, film və ya çizgi film qəhrəmanları onlara öz hərəkətlərinin əxlaqi normalarını və prinsiplərini şüuraltı qəbul etdirirlər. Buna görə valideynlər istənilən şəkildə, istər sosial mediadan, istərsə də televiziyadan informasiya qəbul edən uşağa ciddi nəzarət etməlidir.

 

Bütün uşaq filmləri, verilişlər, çizgi filmlər, oyunlar və s. Psixoloqlar tərəfindən xüsusi diqqətlə seçilməli, incələnməli daha sonra auditoriyaya nümayiş etdirilməlidir. Məqsəd isə hələ formalaşmayan dünyagörüşü, düşüncəni düzgün istiqamətləndirməkdir. Buna görə də uşaqlar üçün məlumatlandırıcı və ya əyləndirici material hazırlanarkən uşaq və valideynlərin, psixoloqun, sosioloqun, mütəxəssislərin rəyi nəzərə alınmalıdır.

 

Mütəxəssislərin təklifi ilə uşaq proqramlarının tələblərində bunlar əsas götürülməlidir:

Səmimilik olmalıdır

Uşağın yaşından asılı olaraq verilişin spesifikası müəyyənləşməlidir: kiçik yaşlı uşaqlar üçün mövzu vizuallıqla, yəni sadə, anlaşıqlı görüntülərlə çatdırılmalıdır

Mütləq müsbət dəyərlər aşılanmalıdır

Azərbaycan Respublikasının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanununun tələbləri Psixoloji və pedaqoji incəliklərdən gələn tələblər nəzərə alınmalıdır.

Bu tələblər arasında psixoloji və pedaqoji incəliklərdən gələn tələblər uşaq verilişləri üçün daha vacibdir. Çünki bu verilişlərin uşaqların şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün artmasında bilavasitə rolu vardır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF – in jurnalistlər üçün hazırladığı təlimatları əsas götürərək, media, eləcə də sosial media üçün uşaqlara aid materialların hazırlanması və yayımlanması ilə bağlı bir sıra vacib məqamları əks etdirən tövsiyələri təqdim edib.

Bu tövsiyələrin ümumi prinsipləri bunlardır; uşağın hüquq və mənafelərini istənilən vəziyyətdə diqqətə almaq və buna hörmətlə yanaşmaq, uşağın maraqlarını hərşeydən üstün tutmaq, uşaqlarla bağlı hazırlanan istənilən materialda reytinq, nüfuz, operativlik kimi meyarlardan öncə doğruluq uşaqların təhlükəsizliyi, həssas yanşma ön planda tutmaq, uşaqlarla bağlı materiallarda, onların hekayəsinin və ya görüntüsünün yer aldığı mövzularda təqdimetmənin uyğun olduğuna diqqət etmək: streotipli və sensasiyalı fikirlərdən istifadə etməmək.

 

Tövsiyələrin hazırlanmasında məqsəd istər ənənəvi, istərsə də onlayn mediada uşaqların hüquq və mənafelərinə zərbə vuracaq məlumatların paylaşılmasının qarşısını almaq, uşaq hüquqlarını qurban vermədən, cəmiyyətin maraqlarına xidmət edən mediaya dəstək göstərməkdir. 

 

Lalə Əhmədova