"Şərq"dən reportaj:-"Manşetimiz nə olacaq?"

Bölmə: Sosial › ,
Tarix: 21:51 02.05.2024

Müasir qəzetçiliyin manşeti elə "Şərq"dir.
 
Bu günlərdə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin birinci kurs tələbələri olaraq "Şərq" qəzeti redaksiyasını ziyarət etdik.
 
İlk dəfə idi ki, qəzet redaksiyasında olurduq. Odur ki, qəzetçilik mühiti bizim üçün xüsusilə maraqlı idi. Belə demək mümkünsə, informasiya zəhmətkeşlərinin iş prosesi ilə tanış olmaq, onların praktik vərdişlərindən agah olmaq bizim üçün maraqlı idi. Əslində, bu, bizim üçün göydəndüşmə fürsət idi.
 
Bizi burada baş redaktorun müavini Yusif Nəzərli qarşıladı. Sonra isə nəşrin baş redaktoru, əvvəllər bir neçə dəfə müəllimlərimizdən adını eşitdiyimiz Akif Aşırlı ilə görüşdük.
 
  Akif müəllim bizimlə tanışlıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sual verdi. Bəlkə də gözləmirdi, cəld cavab aldı. Düzü, bu sual digər tələbə dostlarım kimi məni o qədər də təəccübləndirmədi. M.Ə.Rəsulzadəni tanımaq nəinki hər bir jurnalistin, əslində, özünü vətəndaş hesab edən hər bir azərbaycanlının borcudur.
 
Daha sonra redaksiyanın otaqlarını gəzib digər işçiləri ilə tanış olduq.
 
 
 Diqqətimi çəkən ən önəmli məsələ redaksiya daxilində yaradılan mətbuat muzeyi oldu.
 
"Şərq" komandası heç bir maliyyə dəstəyi olmadan öz hesablarına tariximizi yaşadır, oradakı dəyərli nümunələri qoruyub saxlayır. Bu, ciddi hadisədir. Əlbəttə, qiymətləndirən olsa..
 
Akif müəllim buradakı eksponatlar barədə məlumat verdikcə bir tərəfdən qürur keçirir, digər tərəfdən təəssüfümüzü gizlətmirik...
 
Məsələnin qürur duyulası yeri belə insanların az da olsa olması, tariximizi yaşatması, milli kimliyimizi bacardığı qədər təbliğ etməsi, qəzetdə gənclər üçün əlindən gələn şəraiti yaratmasıdır. Bizi təəssüfləndirən, amma təəccübləndirməyənsə maliyyə dəstəyinin az olmasıdır.
 
Nəyə görə yetərincə dəstək yoxdur ? Məgər burada olan nümunələr bizim tariximiz deyilmi? Öhdəmizə düşən iş XX əsrin əvvəllərində çətin bir zamanda güc-bəla ilə çıxarılan nəşrlərin, qəzetlərin qorunmasıdır, əfsuslar olsun ki, onu da etmirik...
 
Niyə ?

 

Bu maraqlı sualın cavabı çoxdur. Ancaq bəziləri unudur ki, bizlər Rəsulzadələrin, Topçubaşovların, Zərdabilərin nəvələriyik.
 
Yoxsa bilmirlər ki, əcdadlarımızın axan o ali türk qanı bizim də damarlarımızda axır? Hər kəs bunu gözəl bilir.
 
Bildiyimiz o oldu ki, bir çox tanınmış jurnalist, o cümlədən müəllimimiz Kənan Novruzovun yetişməsində mühüm rol oynayıb.
 
Bu gün qəzet oxucu auditoriyasını qismən itirsə də, mənim gözümdə inanılmaz dərəcədə maraqlı və bir o qədər də məsuliyyətli məktəb kimidir. Yaşı 30-a çatan "Şərq" qəzeti bəlkə də bu məktəbin ən yaxşı nümunəsidir.
 
İş prosesi ilə də tanış oluruq. Kənan müəllim bizi əməkdaşlarla tanış edir.
 
Otaqların birindəki qab-qacaq diqqətimi çəkir. Öyrənirəm ki, redaksiya hər gün eyni vaxtda süfrə arxasına oturur, birgə nahar edir. Təsəvvür edirəm, bütün gün informasiya axtarışında olan, müsahibələr, reportajlar hazırlayan kollektiv üçün bu anların dəyərini. Rahat söhbət edə bilirlər. Hərçənd əmin deyiləm. Qəfil bir hadisə olanda, bəlkə də yeməklərini yarımçıq qoyub kompüter arxasına qaçırlar...
 
  Kənan müəllim deyir ki, axşama qədər materiallar hazırlanır. Sonra isə səhifələr maketlənir və çapa göndərilir. Demə, gecədən keçənədək əməkdaşların burada oyaq qaldıqları vaxtlar olub. Yəqin ki, əks halda "Şərq" sıradan bir nəşr olardı, "Şərq" olmazdı.
 
Redaksiyadan çıxanda əməkdaşlardan birinin digərinə verdiyi sualı eşidirəm:

 

"Manşetimiz nə olacaq?"...

 

Manşet demişkən, məncə, müasir qəzetçiliyin manşeti elə "Şərq"dir.
 
 
 
Vüqar Alışov

Mənbə: "Şərq"