"Azərbaycanda bəzi əsərlər hələ detektivliyin ibtidai icma formasıdır"-Azər Qismət
Bölmə: Mədəniyyət › ,Tarix: 13:19 20.05.2024
"Hazırda dünyada intelektual detektivlər var ki, bizim yazıçıların onlar kimi yazmağa gücü çatmır". Bu sözləri "İnformator.az"-a detektiv əsərlərin son vaxtlar çox oxunması ilə bağlı açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Azər Qismət deyib.
A.Qismət detektiv əsərlərin gənclər tərəfindən çox oxunmasını normal qarşıladığını bildirir: "Gənclərin detektiv əsərlərə maraq göstərməsi təbii haldır. Onlar insan psixologiyasını öyrənməyə çalışırlar. Gənc yaşlarında bunu öyrənmələri daha yaxşıdır. Detektiv əsərlərdə hadisələr, cinayətlər, bunların nəticəsi gənclərə çox maraqlı gəlir. Onlar müstəqil həyata yeni qovuşurlar deyə psixologiyaları, bu cür oyunları, labirintləri öyrənməyə çalışırlar. Detektiv olsa, belə əsas odur, kitab oxusunlar. Burada yaş mərhələsinin də rolu var.
Yazıçı qeyd edir:
"Bəziləri fəlsəfə, psixologiya, bir hissə isə sadə həyat həqiqətləri oxuyur. Ömrü boyu isə detektiv oxuyub, bundan fəxr edənin beyni inkişafdan qalıb. Ən azından insan yaşlaşdıqca mərhələlər özünü göstərir. Artıq beyin öz sözünü deyir ki, "sən bu adamsan, fəlsəfə və yaxud psixologiya oxumalısan" oxumalısan. Təəssüf ki, Azərbaycanda bəzi yazıçıların əsərləri detektivliyin ilkin, yəni ibtidai icma formasıdır. Dünyada intelektual detektivlik hökmranlıq edir. Bizdə isə ibtidai icma quruluşu səviyyəsidir. Bu cür başlayaraq intelektual detektivliyə doğru getmək lazımdır".
Çinarə Muradova