20 il həbsdə, 15 gün isə “azadlıqda” qalan qatil erməni öldü
Yazını İnformator.az saytına BDU-nun Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi İsmayıl Tanrıverdi təqdim edir:
1995-ci ildə Ermənistana səfərdə olan İran vətəndaşı, milliyyətcə azərbaycanlı İrac Pur Mirzəbəy Yerevan marşrutu ilə avtobusda öz həmyerisi ilə ana dilində, yəni azərbaycanca danışdığına görə erməni sərnişinlərin təhqirlərinə məruz qalıblar. Sərnişinlərdən biri – əslən Bakı şəhərindən olan, keçmiş Qarabağ müharibəsində erməni kəşfiyyatının veteranı kimi tanınan və azərbaycanlılara qarşı nifrətini heç vaxt gizlətməyən Soğomon Köçəryan avtobusu saxlatdıraraq Mirzəbəyi ermənilərlə birlikdə döyərək öldürürlər. Avtobusdakı digər azərbaycanlı güclə qaçaraq canını qurtarır.
Məhkəmədə Köçəryana maksimum 15 il həbs cəzası veriləcəyi nəzərdə tutulsa da İran səfiri işə qarışaraq nəzarəti öz üzərinə götürür və Ermənistan qarşısında şərt qoyur ki, Köçəryana ölüm cəzası verilməlidir, əks təqdirdə bütün iqtisadi əlaqələr dayandırıla bilər. Bundan qorxuya düşən Ermənistan hakimiyyətinin göstərişi ilə Baş prokuror S. Köçəryana ölüm hökmü verir və məhkəmə də hökmü təsdiq edir. Hökmün icrası qəsdən gecikdirilir.Sonradan prezident Robert Köçəryan ölüm hökmünü ömürlük həbs cəzası ilə əvəz etdirir.
S.Sərkisyan hakimiyyəti dövründə S. Köçəryan 2 dəfə həbsdən qaçırılmış, lakin İran səfirliyinin təkidi ilə tutularaq həbsxanaya qaytarılmışdır. İyirmi il həbsxanada qaldıqdan sonra bu ilin oktyabr ayının 22-də Yerevanın Mərkəz və Nork-Maraş inzibati rayonlarının ümumi səlahiyyətli məhkəməsinin qərarı ilə ağır xəstəliyə görə cəzasının qalan hissəsindən azad edilmişdir. 15 günlük azadlığı ərzində Soğomon Köçəryan nə ayağa qalxa bilir, nə də günəş üzü görür.
Qarabağ müharibəsi zamanı da xalqımıza qarşı xüsusi qəddarlığı ilə seçilmiş Soğomon Köçəryanın həyat yoldaşı onun həbsindən bir neçə il sonra ağır xəstəlikdən vəfat etmişdir. Həbsindən cəmi 3 ay sonra dünyaya gəlmiş yeganə qız övladı isə 2014-cü il martın 1-də 19 yaşında öz canına qəsd edərək intihar etmişdir. Arvadının və üzünü cəmi dörd dəfə gördüyü qızının ölüm xəbərlərini onu qatı şovinist kimi böyüdən öz anasından eşitmişdir. Bundan sonra bir sıra xəstəliklərə tutulan insan qatili S. Köçəryan onunçün yaşamanın mənasız olduğunu anlamışdır. Onunla ən çox maraqlanan “Hedq.am” saytı müxbirlərinə dəfələrlə bildirmişdi ki, artıq o, hər şeydən əlini üzmüş və yaşamaq istəmir. Nəhayət, noyabrın 8-də o, gecə yarısında etdiyi cinayətin bədəli olaraq, çəkdiyi əzab - əziyyətlərə dözməyərək öldü.
S. Köçəryan bu gün saat 13-00 da Yerevanin “Yerablur” qəbirsanlığında dəfn olunacaqdır.
