00:00:00
Yazar
Aysel Mirzəyeva
26.02.2026 21:14 14 3 dəq oxuma
Siyasət Özəl

" 2020-ci ildən sonra Cənubi Qafqazda güc nisbəti dəyişib " - ŞƏRH

" 2020-ci ildən sonra Cənubi Qafqazda güc nisbəti dəyişib " - ŞƏRH

İlham Əliyev: Azərbaycan kifayət qədər güclüdür

İlham Əliyev bildirib ki, Azərbaycan artıq kifayət qədər güclü dövlətdir və bundan sonra heç kim ölkəyə qarşı ərazi iddiası irəli sürə bilməz. Prezident qeyd edib ki, əsas məqsəd sülh və sabitliyin qorunmasıdır. Bununla yanaşı, sülhün davamlı olması üçün güclü ordunun saxlanılmasının vacibliyi vurğulanıb.

 

Politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, bu mesaj çəkindirmə xarakteri daşıyır:

 

“Prezident İlham Əliyevin Azərbaycanın artıq kifayət qədər güclü olduğu və bundan sonra heç kimin ölkəyə qarşı torpaq iddiası irəli sürə bilməyəcəyi barədə bəyanatı çoxqatlı siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu açıqlama həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə hesablanmış strateji mesajdır. Xüsusilə postmünaqişə mərhələsində belə bəyanatlar regionda formalaşan yeni güc balansının konturlarını göstərir. İlk növbədə, bu mesaj çəkindirmə xarakteri daşıyır. Dövlət başçısı açıq şəkildə bildirir ki, Azərbaycan artıq zəif və müdafiəsiz aktor deyil və suverenliyinə yönələn hər hansı təhdid cavabsız qalmayacaq. Bu, potensial risk mərkəzlərinə ünvanlanmış preventiv xəbərdarlıqdır. Eyni zamanda, Prezidentin sülh və əmin-amanlığı əsas məqsəd kimi vurğulaması balanslaşdırıcı element rolunu oynayır. Beləliklə, rəsmi Bakı hərbi gücü aqressiv siyasətin aləti kimi deyil, təhlükəsizlik təminatı və sabitliyin qorunması vasitəsi kimi təqdim edir. Bu yanaşma beynəlxalq auditoriyaya Azərbaycanın məsuliyyətli və rasional aktor olduğunu göstərməyə xidmət edir”.

 

Müsahib həmçinin qeyd edib ki, Azərbaycan ordusunun gücləndirilməsi həm ölkənin təhlükəsizliyini təmin edir, həm diplomatik mövqeni gücləndirir, həm də regionda sabitliyi qoruyur:

 

“Tarix göstərir ki, davamlı sülh çox vaxt güc balansı üzərində qurulur. Hərbi potensialın mövcudluğu müharibə riskini artırmaqdan çox, əksinə, onun qarşısını almaq funksiyasını daşıya bilər. Bu baxımdan, Azərbaycan ordusunun gücləndirilməsi bir neçə strateji məqsədə xidmət edir. Birincisi, preventiv çəkindirmə mexanizmi formalaşdırılır və mümkün revanşist meyllərin qarşısı alınır. İkincisi, diplomatik danışıqlarda mövqe möhkəmlənir, çünki güc faktoru masa arxasında əlavə təsir aləti yaradır. Nəhayət, regionda formalaşmış yeni status-kvonun qorunması təmin edilir. Bu bəyanatın regional siyasi balans baxımından da əhəmiyyəti var. 2020-ci ildən sonra Cənubi Qafqazda güc nisbəti dəyişib və Azərbaycan hərbi-siyasi baxımdan daha üstün mövqe qazanıb. Prezidentin vurğuladığı güclənmə narrativi bu reallığın siyasi təsdiqi kimi çıxış edir. Bu, Ermənistan üçün açıq mesajdır ki, münaqişənin hərbi yolla yenidən alovlandırılması perspektivsizdir. Eyni zamanda, regionda maraqları olan böyük güclər üçün də siqnaldır ki, Azərbaycan artıq müstəqil qərar qəbul edən və öz maraqlarından heç bir halda geri çəkilməyən aktordur. Bununla yanaşı, güclü təhlükəsizlik mühiti enerji və nəqliyyat layihələrinin davamlılığı baxımından da mühüm əhəmiyyət daşıyır. Xarici investisiyalar və strateji tərəfdaşlıqlar sabitlik tələb edir. Ordu amili bu sabitliyin təminatçısı kimi təqdim olunur və ölkənin regional mərkəz rolunu gücləndirir. Odur ki, Prezident Əliyevin bəyanatının həm çəkindirmə, həm legitimlik, həm də regional konsolidasiya funksiyası daşıdığını deyə bilərik. Bu yanaşma Azərbaycanın regiondakı mövqeyini möhkəmləndirməyə və yeni siyasi balansı öz xeyrinə sabitləşdirməyə yönəlmiş uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər”.


Aydan Əsgərxanlı

#qafqazda #xəbər #dəyişib #cənubi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər