2025-2026-cı illərdə təbii qaz qiymətlərinə təsir göstərəcək amillər açıqlanıb
Yaxın Şərqdəki münaqişələrin vəziyyəti, gözləniləndən soyuq keçən hava şəraiti və qaz hasilatındakı fasilələr səbəbindən qaz qiymətlərində artımlar müşahidə edilə bilər. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2025-ci il fevral hesabatına əsasən, tədricən artan hasilat və qlobal neft tələbinin nisbətən zəif artımı 2025-ci ilin ikinci yarısından etibarən və 2026-cı il ərzində qiymətlərin azalmasına təsir edəcək.
"İnformator.az" "AZƏRTAC" a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsində məlumat verilib.
“Nəticədə, EIA Brent markalı xam neftin bir barelinin orta qiymətinin 2025-ci ildə 74 dollar, 2026-cı ildə isə 66 dollar səviyyəsinə qədər enəcəyi proqnozlaşdırır. Bununla yanaşı, ABŞ-da yeni mayeləşdirilmiş təbii qaz (LNG) terminallarının istifadəyə verilməsi nəticəsində ixrac imkanlarının genişlənməsi və daxili təchizat üçün rəqabətin güclənməsi 2025–2026-cı illərdə təbii qaz qiymətlərinə təsir göstərən amillər arasında olacaq. Avropada isə qlobal mayeləşdirilmiş təbii qaz tələbinin yüksək olması və təchizat məhdudiyyətləri fonunda qaz qiymətlərinin 2025-ci ildə 11 faiz artacağı, 2026-cı ildən etibarən əlavə mayeləşdirilmiş təbii qaz təchizatının bazara daxil olması ilə 8 faiz azalacağı proqnozlaşdırılır”, - deyə məlumatda bildirilir.
