00:00:00
Yazar
Admin User
05.02.2026 16:45 64 3 dəq oxuma
Siyasət

"2026-cı il Yaxın Şərq böhranının həllini yaxınlaşdıra bilər"

"2026-cı il Yaxın Şərq böhranının həllini yaxınlaşdıra bilər"

BMT rəhbərinin sözlərinə görə, Baş Assambleya tərəfindən ötən il qəbul edilmiş Nyu-York Bəyannaməsi iki dövlətli nizamlanma üzrə praktik həll təqdim edir. Lakin yerlərdəki vəziyyət həlledici olaraq qalır.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlaçasında bildirib ki, bu problemin yeganə real həlli Fələstin dövlətinin yaradılmasıdır:

 

"BMT-nin Nizamnaməsinə əsasən, təşkilatın öz mexanizmləri və hüquqi bazası mövcuddur. Dünya birliyini tənzimləyən legitim hüquqi çərçivə var və bu baxımdan əlavə legitimlik müzakirələrinə ehtiyac qalmır. İstənilən məsələ ilə bağlı sorğuya cavab verən mexanizmlər mövcuddur".

 

Müsahib qeyd edib ki, lakin Yaxın Şərq məsələsi, xüsusilə, İsrail-Fələstin münaqişəsi elə xarakter daşıyır ki, indiyədək mövcud olan mexanizmlər və modellər bu problemi həll edə bilməyib:

 

"Bunun əsas səbəbi İsrail üçün torpaq məsələsinin prioritet olmasıdır. İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə Fələstin dövlətinin yaranmayacağını bəyan edir. Bu münaqişə mahiyyət etibarilə Azərbaycan-Ermənistan münaqişəsinə bənzəyir. Qafqazda vəziyyəti gərginləşdirən tərəf Ermənistan olduğu kimi, Yaxın Şərqdə də bu rolu İsrail oynayır. İsrail cəmiyyətində radikal qanadın mövcudluğu vəziyyəti daha da ağırlaşdırır. Söhbət müxtəlif istiqamətləri olan sionist hərəkatlardan gedir ki, onların içərisində ən barışmaz və aqressiv qruplar da var".

 

Müsahib bildirib ki, mövcud siyasi mənzərə belədir ki, Netanyahu koalisiyada yer alan bir neçə radikal partiyanın təsiri altındadır:

 

"Digər tərəfdən, yəhudi lobbisinin ABŞ siyasətinə, xüsusilə Donald Trampa təsiri danılmazdır. Bu səbəbdən BMT-nin qəbul etdiyi qətnamə və ya bəyannamələrin real təsir gücü qalmır. Bu problemin yeganə real həlli Fələstin dövlətinin yaradılmasıdır. 1967-ci il sərhədlərinə qayıdış və dövlət institutlarının formalaşdırılması zəruridir. İsrail cəmiyyətində bu yanaşmanı dəstəkləyən solçu və mərkəzçi qüvvələr olsa da, radikal qruplar buna qəti şəkildə qarşı çıxırlar. Smotriç və Ben-Qvir kimi radikal siyasətçilər millətçi və irqçi baxışları ilə tanınırlar və onların məqsədi Fələstin əhalisini Qəzza zolağından və İordan çayının qərb sahilindən sıxışdırıb çıxarmaqdır. Radikalizm tarix boyu heç bir siyasi qüvvəni uğura aparmayıb. Nəticə əldə olunsa belə, bu, ağır humanitar fəlakətlərlə müşayiət olunur. Hazırda bölgədə davam edən proseslər də yalnız gərginlik yaradır. 7 oktyabr hadisələri ilə bağlı ciddi suallar ortaya çıxır. Bu hadisələr İsrail rəhbərliyinə genişmiqyaslı hərbi əməliyyatlara başlamaq üçün zəmin yaradıb. Nəticədə, on minlərlə insan, əsasən qadın və uşaqlar həyatını itirib.

 

Politoloq bildirib ki, əgər beynəlxalq ictimaiyyət bu cür faciələr qarşısında acizdirsə, BMT-nin real təsir gücündən danışmaq çətindir:

 

"BMT-nin mənzil-qərargahının ABŞ ərazisindən çıxarılaraq neytral bir ölkəyə köçürülməsi müzakirə olunmalıdır ki, hegemon siyasətlər proseslərə təsir göstərməsin. Bu gün dünya nizamının ciddi şəkildə pozulduğu görünür. İşğalçı tərəflər bəzən təqdir edilir, işğala məruz qalan xalqlara isə təzyiqlər göstərilir. Avropanın bir çox şəhərində, İspaniya, İtaliya, Almaniya, Niderlandda insanlar baş verənlərə etiraz edir, Fələstin xalqına dəstək nümayiş etdirirlər. Bu, ictimai rəyin proseslərin mahiyyətini düzgün anladığını göstərir. Çıxış yolu müharibə deyil. Həll yolu obyektiv və neytral tərəflərin iştirakı ilə real sülh konfransının keçirilməsidir. Bu prosesdə vasitəçilər qərəzsiz olmalı, beynəlxalq hüququ əsas götürməlidir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər