23 sentyabr
23 sentyabr-Beynəlxalq Jest Dilləri Günü BMT-nin təşəbbüsü ilə hər il dünya üzrə jest dillərinin əhəmiyyətinə diqqət çəkmək üçün qeyd olunur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Jest dili təlimçisi Nuranə Abıyeva bildirib ki,bu gün bir bayram deyil, daha çox fərqindəlik və məlumatlandırma günüdür:
"Bu cür beynəlxalq günlər vasitəsilə jest dilində indiyə qədər hansı yeniliklərin və dəyişikliklərin baş verdiyi, hansı çatışmazlıqların qaldığı gündəmə gətirilir. Jest dilinin mahiyyəti, onun əslində tamhüquqlu bir dil olaraq cəmiyyət üçün nə qədər vacib olduğu vurğulanır. Eşitmə qüsurlu insanların gündəlik həyatda qarşılaşdığı çətinliklər, məhdudiyyətlər və bu sahədə atılan yeni addımlar haqqında məlumat paylaşılır. Sentyabrın son həftəsi artıq bir sıra ölkələrdə jest dili ilə bağlı layihələrə, tədbirlərə və maarifləndirmə işlərinə həsr olunur. Beynəlxalq səviyyədə qeyd olunması isə müxtəlif ölkələrdəki vəziyyətin müqayisəsinə, mövcud fərqlərin öyrənilməsinə və hər bir ölkənin bu sahədəki vəziyyətinə daha dərindən nəzər salmağa imkan yaradır".
Həmçinin müsahibimiz bildirib ki,jest dili ilə digər dillərin həm fərqli ,həm də oxşar cəhəti var:
"Oxşar cəhətləri odur ki, ümumiyyətlə nitqdə biz artikulyasiyasız danışsaq, çox monoton danışsaq, intonasiyasız danışsaq, cümlələrimiz həddindən çox qısa olsa bu, bizim nitqimizə hər dildə problem yaradar. Eyni zamanda yeni bir dil öyrənəndə necə ki, səhv etmə ehtimalımız çox olur, öz ana dilimizdə də nəyisə praktikada işlədərkən səhv etmə ehtimalımız olur. Bəzən bunun kompleksini yaşayırıq, qorxuruq ki, qarşı tərəf bizi anlamaz və ya bunu hörmətsizlik kimi başa düşər. Belə tərəddüdlərimiz olur. İşarə dilində də bu belədir. Yəni, bu dili yeni öyrənən insan məhdudiyyətlə qarşılaşacağını biləndə təşvişə düşür ki, birdən səhv edərəm, birdən düz başa düşülmərəm. Buna görə də bəzən danışmır. Amma necə ki,hər hansı dildə cəsarətlə öyrəndiyini tətbiq etməlisənsə bu, işarə dili üçün də keçərlidir. Səhv etmək,səhvi görmək, düzəltmək və bu proseslə praktik olaraq inkişaf etmək lazımdır. Fərqli cəhət isə ondadır ki, hər dilin öz qrammatikasi var. İşarə dilinin qrammatikası digər dillər və ana dilimizlə eyni deyil. Məsələn,çox şəkilçilər, köməkçi nitq hissələri, terminlərin eyni formada qəbul edilməsi eşitmə məhdudiyyətli insanlar üçün çətindir. Ona görə də burada loru danışıq deyil, lakin daha sadə, daha açıq danışmaq vacibdir. Ən önəmlisi qısa və lakonik danışmaq, çox şəkilçi və köməkçi sözlərdən qaçmaq, tələsmədən, amma aydın danışmaqdır. Bu dil hərəkət dilidir və onun praktik istifadəsi çox önəmlidir. Səhvlərdən düzlərə keçərək bu dil öyrənilir".
Eyni zamanda Nuranə Abıyeva bildirib ki, dilin özünəməxsusluğu var:
"Məsələn, jest dilini çox vaxt bədən dili ilə qarışdırırlar, amma bu, doğru deyil. "Jest dili","işarə dili","işrət dili" kimi adlandırmalar da var. Hər üçü müəyyən dövrlərdə işlənib,amma "işarət dili" ifadəsi çox da düzgün hesab edilmir, baxmayaraq ki, işlənib. Bəzən "işarələrlə danışmaq" sadəcə "barmaq hərəkətləri ilə danışmaq" kimi başa düşülür. Dilin özünəməxsusluğu ondadır ki,biz şifahi nitqdə səslə ünsiyyət qururuq,qulaqla tənzimləyirik. Amma jest dili, əsasən, əllərin və barmaqların hərəkətləri ilə qurulan bir ünsiyyət növüdür. Burada səssizlik ön plandadır. Əgər bu ünsiyyət düzgün istifadə olunarsa, aydın və qırılmasız şəkildə baş tutur. Bədən dili ilə jest dili arasında əsas fərq də budur ki, bədən dili hər kəsdə müəyyən qədər var, amma jest dili hər kəsdə yoxdur. Jest dili- eşitmə və nitq məhdudiyyətli şəxslərin əl hərəkətləri, mimikalar, dodaq oxuma vasitəsilə qurduğu "təbii" bir dildir. Mədəni müxtəlifliyin qorunması da burada başlayır. Dilin, yəni ünsiyyət formasının fərqli olması qarşı tərəfə hörmətlə yanaşmanı, onu anlayacağı tərzdə danışmağı tələb edir. Bu, həm dil müxalifliyinin, həm də insan hüquqlarının qorunması baxımından əhəmiyyətlidir".
Aysun Vəliyeva
