33 İllik sənədin yeni missiyası: Azərbaycan-Ermənistan delimitasiyasının "yol xəritəsi"
Ermənistan və Azərbaycan arasındakı sərhədlər 1991-ci il Almatı Bəyannaməsinə əsasən delimitasiya olunacaq.Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.O bildirib ki, 2024-cü ildə hər iki ölkə Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası komissiyalarının birgə işi ilə bağlı qaydaları təsdiqləyib:
“Əgər delimitasiya prosesi zamanı tərəflər sərhəd xəttində dəyişikliklərlə bağlı qarşılıqlı məqbul həll yolları tapsalar, bütün bunlar ictimaiyyətə mümkün olan ən şəffaf şəkildə təqdim olunacaq”.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Delimitasiya bu bəyannamə əsasında aparılmasa, sərhədlərin müəyyən olunması qeyri-mümkün olar:
“İnzibati sərhədlər var idi, indi onları sadəcə olaraq dövlət sərhədi kimi delimitasiya və demarkasiya etmək lazımdır.Və sərhədlərin Almatı bəyannaməsinə əsasən müəyyən olunması bugünkü status-kvonu saxlamağa imkan verir. Ancaq buradakı bir problem dağlıq ərazilərdə sərhədlərin olmamasıdır. Çünki dağlıq ərazilərdir və delimitasiya prosesini də, demarkasiya prosesini də ləngidən məsələlərdən biridir.Delimitasiya və demarkasiya işlərinin Almatı bəyannaməsi əsasında aparılması ən düzgün yoldur. Yəni başqa bir variant həddindən artıq çoxlu problemlər yarada bilər və hətta sərhədlərin müəyyənləşdirilməsini mümkünsüz edə bilər. Bu səbəbdən sərhədlərin müəyyən olunması istiqamətində danışıqların Almatı bəyannaməsi əsasında aparılması və bu gün də həm Ermənistanən, həm Azərbaycanın Almatı bəyannaməsinə sadiqliyinin nümayiş etdirilməsi gələcəkdə danışıqlar aparmağı asanlaşdıracaq və bu prosesi mümkün qədər tez həyata keçirmək imkanı verəcək”.
Zəri Bayramlı