00:00:00
Yazar
Zəhra Həsənova
17.11.2026 22:39 8 2 dəq oxuma
Siyasət

Vensin İranla müharibəyə dair açıqlamasının arxasında hansı siyasi məqsədlər dayanır?

Vensin İranla müharibəyə dair açıqlamasının arxasında hansı siyasi məqsədlər dayanır?

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İranla müharibənin daha iki il davam etməsinə imkan verilməyəcəyi barədə açıqlaması Vaşinqtonun siyasi dairələrindəki fikir ayrılıqlarını əks etdirir.

 

Bu barədə siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, ABŞ-nin siyasi hakimiyyət dairələrində İrana qarşı hərbi əməliyyatlarla bağlı vahid mövqe yoxdur. Bir qrup siyasətçi müharibənin davam etdirilməsini, digər qrup isə diplomatik vasitələrlə problemin həllini dəstəkləyir.

 

Siyasi şərhçi qeyd edib ki, Cey Di Vens ikinci mövqeyi müdafiə edən siyasi qanadın əsas nümayəndələrindən biridir. Onun səsləndirdiyi fikirlər həm müharibənin uzanmasına etirazı, həm də Donald Tramp administrasiyasının qarşıdakı iki ilini hərbi münaqişəsiz keçirmək istəyini ifadə edir.

 

Onun fikrincə, ABŞ artıq hərbi əməliyyatların yaratdığı xərclərdən və müharibənin davam etməsindən yorulub. Vens də bu narazılığı siyasi mesaj vasitəsilə ifadə etməyə çalışır.

 

O əlavə edib ki, ABŞ Konqresində demokratların mövqeyinin güclənməsi də Vensin müharibə əleyhinə mövqeyinə təsir göstərə bilər. Belə ki, demokratların Tramp administrasiyasının hərbi siyasətini məhdudlaşdırmağa yönələn təşəbbüsləri vitse-prezidentin mövqeyini daha da gücləndirə bilər.

 

Siyasi şərhçi hesab edir ki, Vens ABŞ-nin İrana qarşı yeni hərbi zərbələr endirməsi ehtimalına da qarşı çıxır. Onun sözlərinə görə, vitse-prezident münaqişənin tamamilə dayandırılmasını, o cümlədən ABŞ hərbi donanmasının Fars körfəzi regionundan geri çəkilməsini dəstəkləyir.

 

Bununla belə, siyasi şərhçi İranla diplomatik danışıqların müsbət nəticə verəcəyinə şübhə ilə yanaşır. O bildirib ki, İranın nüvə proqramını və raket imkanlarını inkişaf etdirməkdə maraqlı olması tərəflər arasında razılaşmanın əldə edilməsini çətinləşdirir.

 

Onun qənaətinə görə, Vensin açıqlamalarının əsas hədəflərindən biri də ABŞ ictimaiyyətidir. O hesab edir ki, vitse-prezident bu cür bəyanatlarla müharibədən yorulmuş amerikalı seçicilərin diqqətini cəlb etməyə və gələcək prezidentlik iddiaları üçün siyasi dəstəyini artırmağa çalışır.


Müşfiq Abdulla Vensin müharibə əleyhinə çıxışlarını daha çox daxili siyasi auditoriyaya hesablanmış populist mesaj kimi qiymətləndirib.

Ada Hacızadə

#hansı #vensin #yeni #dair #açıqlamasının
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər