00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
17.11.2026 22:43 25 3 dəq oxuma
Siyasət

"Dünyanın üç böyük gücü eyni masa arxasında: Sülhə doğru real addım atılacaqmı?"

"Dünyanın üç böyük gücü eyni masa arxasında: Sülhə doğru real addım atılacaqmı?"

 

Çin, ABŞ və Rusiya liderlərinin mümkün görüşü beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bununla belə, tərəflərin ortaq mövqedən çıxış etməməsi görüşün nəticələri ilə bağlı suallar yaradır.

 Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekspert Aydın Quliyev qeyd edir ki, görüşün baş tutma ehtimalı azdır və keçirilsə belə, Ukrayna və İran münaqişələrinin həlli istiqamətində ciddi nəticə verməyəcək:

 

"Son vaxtlar çox populyarlaşmış üç liderin görüşü ilə bağlı gözləntilər var. Lakin gözləntilərdən daha çox bu görüşün baş tutmayacağı və ya baş tutacağı təqdirdə ciddi nəticələr ortaya qoymayacağı ilə bağlı yanaşma mövcuddur.

 

Hesab edirəm ki, bu görüşün baş tutma ehtimalı olduqca aşağıdır. Çünki belə bir görüşün keçirilməsi ideyası spontan şəkildə ortaya çıxıb. Onun hansı zərurətdən irəli gəldiyi barədə suala cavab tapmaq da çox çətindir. Çini, Rusiyanı və ABŞ-ni bir araya gəlib danışıqlar aparmağa sövq edən səbəbin nə olduğu hələ də açıq qalır. Ona görə də bu görüşün baş tutma ehtimalı çox aşağıdır. Çünki hazırkı şəraitdə bu ölkələr demək olar ki, hər hansı məsələnin həlli ilə bağlı ortaq mövqedə deyillər.Siyasi şərhçi bildirir ki, üç liderin Ukrayna və İran müharibələri ilə bağlı ortaq mövqeyə gəlməsi gözlənilmir:

 

"Bu günə qədər Çin Ukrayna məsələsinin müzakirə olunmasını qəti şəkildə istəmədiyini bildirib. Rusiya ilə ABŞ-nin isə Ukrayna mövzusunu Çinin iştirakı ilə müzakirə etməsinə ehtiyac yoxdur. Çünki onlar bu məsələni onsuz da müzakirə edir və hətta danışıqların bir neçə mərhələsini keçiriblər.Bu görüş baş tutarsa, tarixdə ilk belə görüş nümunəsi kimi yadda qala bilər. Amma hətta keçirildiyi təqdirdə belə, üç liderin dünyanın ən ciddi problemləri sayılan münaqişələrlə bağlı həlledici nəticəyə gəlməsi mümkün görünmür.

 

İran məsələsinə gəldikdə isə Trampın strategiyası məlum deyil. Onun İranla bağlı nə etmək istədiyi və bundan sonrakı planlarının nədən ibarət olduğu hələ də aydın deyil. Çin ümumiyyətlə Ukrayna mövzusunu müzakirə etmək istəmir. Rusiyanın Ukrayna ilə bağlı siyasəti isə müəyyən məsələlərdə ABŞ-nin mövqeyi ilə üst-üstə düşür. Çünki hər iki ölkə Zelenskini ərazi və digər güzəştlərə getməyə vadar etməyə çalışır. Ona görə də Ukraynanın və Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı hər hansı müzakirənin aparılması və ya nəticənin əldə olunması mümkünsüz görünür.

 

İran məsələsində də üç dövlətin mövqeləri arasında ciddi fərqlər var. Rusiya İranı birmənalı şəkildə dəstəkləyir və bu ölkənin atom silahı hazırlaması ilə bağlı iddiaları qəbul etmir. Eyni zamanda, ABŞ-nin İrana zərbələr endirməsini də düzgün hesab etmir.Belə olan halda, İranla bağlı üç dövlətin hansı razılaşmaya gələ biləcəyi çox müəmmalıdır.
Əgər görüş baş tutarsa belə, onun bu gün dünya üçün böyük əhəmiyyət daşıyan münaqişələrlə bağlı ciddi və dəyişdirici nəticə və ya qərar ortaya qoyacağı mümkünsüz görünür".

Ayan Məmmədzadə

#böyük #yeni #sülhə #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər