Trampın Meksikaya tarif təzyiqi iqtisadi riskləri artırır – ŞƏRH
ABŞ Prezidenti Donald Trampın Meksikadan miqrasiya axınının qarşısını almaq məqsədilə ticarət tariflərini sərtləşdirməklə hədələməsi iki ölkə arasındakı iqtisadi münasibətlərdə yeni gərginlik yarada bilər. Miqrasiya məsələsinin ticarət siyasəti ilə əlaqələndirilməsi isə Meksikanın ixracına, istehsal sektoruna və xarici investisiyaların cəlbinə mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, miqrasiya məsələsinin ticarət tarifləri ilə əlaqələndirilməsi Meksika iqtisadiyyatı üçün ciddi risklər yaradır.
Onun sözlərinə görə, Meksika ABŞ bazarından yüksək dərəcədə asılıdır və ixracının böyük hissəsi məhz bu ölkəyə yönəlir. Bu baxımdan, tariflərin artırılması Meksika istehsalçılarına, xüsusilə avtomobil sənayesinə, kənd təsərrüfatına və xarici investisiyalara mənfi təsir göstərə bilər. Bununla yanaşı, mümkün tarif artımları yalnız Meksika iqtisadiyyatı ilə məhdudlaşmayacaq. ABŞ şirkətləri və istehlakçıları da məhsulların bahalaşması, eləcə də təchizat zəncirlərində yarana biləcək problemlərlə üzləşə bilərlər.
Ekspert hesab edir ki, Meksika hökuməti yaranmış vəziyyətdə diplomatik danışıqları davam etdirməyə, sərhəd nəzarətini gücləndirməyə və miqrasiya axınlarının idarə olunması istiqamətində regional əməkdaşlığı genişləndirməyə çalışa bilər.
O bildirib ki, Prezident Klaudiya Şeynbaum miqrasiya məsələsində repressiv tədbirlərdən daha çox humanitar yanaşmanı və miqrantların mənşə ölkələrinə qaytarılmasını önə çəkir. Siyasi şərhçinin qənaətinə görə, tərəflər arasında gərginliyin daha da dərinləşməsi təkcə ABŞ-Meksika münasibətlərinə deyil, bütövlükdə Şimali Amerikanın iqtisadi və ticarət sisteminə təsir göstərə bilər. Çünki ABŞ, Meksika və Kanada iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır və bu ölkələr arasında yaranacaq ticarət məhdudiyyətləri regional iqtisadi əlaqələrdə də problemlərə səbəb ola bilər.
Fatimə Hüseynova