44 günlük Vətən müharibəsi qəhrəmanı Həsənli Alının əziz xatirəsinə
Azərbaycanın torpaq bütövlüyü uğrunda canından keçən igid oğullarımızdan biri Həsənli Alı Nofəl oğlu 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub.
O, 2001–2012-ci illərdə Nizami rayonundakı Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika mühəndisliyi” ixtisasına daxil olaraq 2016-cı ildə ali təhsilini başa vurub.
Eyni il Azərbaycan Ordusu sıralarında hərbi xidmətə yollanan Alı Həsənli xidmətini başa vurduqdan sonra mülki sektorda fəaliyyət göstərib və 2018-ci ildən SOCAR Təhlükəsizlik İdarəsində çalışıb.
2020-ci ilin sentyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılan Alı Həsənli Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib, igidlik və vətənpərvərlik nümunəsi göstərib.
21 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətənə sədaqətlə xidmət edən canını torpaqlarımızın azadlığı uğrunda fəda edən Alı Həsənlinin xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.
Ədilə Hüseynzadə
