44günlük Vətən müharibəsi qəhrəmanı Fərhad Məlikzadənin əziz xatirəsinə
1997-ci il avqustun 20-də Sabirabad rayonunun Şıx Salahlı kəndində anadan olan Fərhad Məlikzadə Nadir oğlu orta təhsilini 2004–2014-cü illərdə başa vurub. 2015-ci ildə hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra idmanla cüdo, güləş və qaydasız döyüşlərlə məşğul olub və müxtəlif yarışlarda qalib olub. 2018-ci ildə müddətdən artıq hərbi xidmətə qayıdaraq kurslar keçib və kəşfiyyatçı kimi fəaliyyət göstərib.
Fərhad Məlikzadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edərək Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə vuruşub. Füzuli döyüşlərində yaralanmasına baxmayaraq qısa müddət müalicədən sonra yenidən ön xəttə qayıdıb. O, 2020-ci il noyabrın 5-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə tapşırığı yerinə yetirərkən şəhid olub və noyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb.
Göstərdiyi qəhrəmanlığa görə Fərhad Məlikzadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ədilə Hüseynzadə
