00:00:00
Yazar
Admin User
25.12.2025 18:44 99 2 dəq oxuma
Sosial

72 kubitli kvant kompüteri sınaqdan keçirilib

72 kubitli kvant kompüteri sınaqdan keçirilib

Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsinin tədqiqatçıları 72 kubitli kvant kompüterinin prototipini hazırlayaraq uğurla sınaqdan keçiriblər. Məlumata görə, yeni qurğu tək neytral rubidium atomları əsasında qurulub və kvant məntiqi əməliyyatları orta hesabla 94 faiz dəqiqliklə yerinə yetirə bilir.

 

Bildirilib ki, bu nəticə kvant hesablama texnologiyalarının inkişafı baxımından mühüm mərhələ hesab olunur. Tədqiqatçılar qeyd edirlər ki, neytral atomlara əsaslanan yanaşma sistemin miqyaslandırılmasına və daha çox kubitin bir platformada birləşdirilməsinə imkan yaradır. Bu isə kvant kompüterlərinin praktiki tətbiqlərə yaxınlaşmasını sürətləndirən əsas amillərdən biridir.

 

Mövzu ilə bağlı IT mütəxəssizi Elvin Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, kvant alqoritmləri İT sahəsində yeni üfüqlər açır:

 

“Kvant kompüterləri klassik kompüterlərdən tam fərqli məntiq üzərində işləyir və onları bu qədər maraqlı edən də məhz budur. Klassik kompüterlərdə bütün hesablamalar 0 və 1 prinsipi ilə aparılır, yəni hər əməliyyat ardıcıl şəkildə icra olunur. Kvant kompüterlərində isə kubitlərdən istifadə olunur və kubit eyni anda bir neçə vəziyyətdə ola bilir. Bu isə kvant kompüterinə paralel şəkildə çoxlu hesablamalar aparmaq imkanı verir. Lomonosov Universitetində hazırlanan 72 kubitlik prototip də bu baxımdan vacibdir, çünki artıq bu səviyyədə kvant sistemləri real elmi və texnoloji tapşırıqları sınaqdan keçirmək üçün istifadə oluna bilir. Ümumiyyətcə kvant alqoritmləri İT sahəsində yeni üfüqlər açır. Bu alqoritmlər xüsusilə çox mürəkkəb və böyük həcmli hesablamalar üçün nəzərdə tutulub. Məsələn, böyük məlumat bazalarında optimallaşdırma, süni intellekt modellərinin daha sürətli öyrədilməsi və maliyyə risklərinin hesablanması kimi sahələrdə kvant texnologiyaları ciddi üstünlük verə bilər. Bu gün klassik kompüterlərin uzun müddətə həll edə bilmədiyi problemlər kvant alqoritmləri ilə daha qısa zamanda mümkün ola bilər. Düşünürəm ki, gələcəkdə kvant kompüterlərinin inkişafı İT sistemlərinə birbaşa təsir göstərəcək. Xüsusilə informasiya təhlükəsizliyi sahəsində böyük dəyişikliklər gözlənilir. Mövcud şifrələmə mexanizmlərinin bir hissəsi kvant kompüterlər qarşısında zəif qala bilər və bu da yeni nəsil, kvanta davamlı təhlükəsizlik həllərinin hazırlanmasını zəruri edəcək”.

 

 

Aydan Əsgərxanlı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər