00:00:00
Yazar
Səadət Əlizadə
17.11.2026 22:51 16 4 dəq oxuma
Sosial

Şagird hansı hallarda qırmızı sarı və yaşıl kart ala bilər?

Şagird hansı hallarda qırmızı sarı və yaşıl kart ala bilər?

Məktəblərdə şagirdlərin davranış və intizam qaydalarına əməl etməsinə nəzarət üçün qırmızı, sarı və yaşıl kart sisteminin tətbiqi müzakirə olunur. Bəs şagirdlər hansı hallarda bu kartlarla cəzalandırıla və ya mükafatlandırıla bilərlər?

 

 

Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Tuqay Rzazadə bildirib ki, həm müəllim, həm də uzun müddətdir təhsil prosesinin içərisində olan bir insan kimi hesab edirəm ki, şagirdlərə intizam məqsədilə yaşıl, sarı və qırmızı kartların göstərilməsi effektiv tərbiyə üsullarından biri ola bilər:

 

 

"Nəyə görə "ola bilər" deyirəm? Çünki bu prosesə son bir neçə ildə başlanılıb və uzun müddətdir davam etmir. Bu nöqteyi-nəzərdən hazırda prosesin nəticələri, yəni yaşıl, sarı və qırmızı kartların şagirdlərin tərbiyəsindəki rolu haqqında konkret fikir bildirmək çox tezdir. Hesab edirəm ki, bunun üçün müəyyən müddət, bir qədər zaman lazımdır ki, prosesin nəticələri barədə fikir yürüdə bilək".

 

Ekspert bildirib ki, bu proses kortəbii şəkildə həyata keçirilmir:

 

 

"Şagird davranış qaydaları ilə bağlı sənəddə, eləcə də təhsil haqqında qanunvericilikdə öz əksini tapıb. Yəni bu qaydalar Elm və Təhsil Nazirliyi və Nazirlər Kabinetinin təsdiq etdiyi sənədlərdə nəzərdə tutulub. Burada müəllim və ya məktəb direktoru öz istəyinə uyğun şəkildə şagirdləri cəzalandırmır və yaxud mükafatlandırmır. Bu proses təsdiq edilən qaydalar əsasında həyata keçirilir".

 

Bəs kartlar hansı hallarda verilə bilər?

 

 

Bildiyimiz kimi, yaşıl kart adından da məlum olduğu kimi, əsasən şagirdləri həvəsləndirmək məqsədi daşıyır. Bu kart dərslərə davamiyyəti və akademik göstəriciləri yaxşı olan, eyni zamanda davranışı və tərbiyəsi ilə digər şagirdlərə nümunə göstərilə biləcək şagirdlər üçün nəzərdə tutulub. Yaşıl kart, əsasən, valideynlərə təşəkkür etmək və həmin şagirdləri digər uşaqlara nümunə göstərmək məqsədi daşıyır.

 

 

Onun sözlərinə görə, sarı kart isə əsasən kiçik intizam pozuntuları üçün nəzərdə tutulub və xəbərdarlıq xarakteri daşıyır. Məsələn, dərs zamanı icazəsiz danışmaq, başqalarına mane olmaq, dərsə sistemli şəkildə gecikmək, sinif yoldaşlarına qarşı kobud ifadələr işlətmək və məktəbin ümumi davranış qaydalarını pozmaq bu hallara aiddir. Yəni sarı kart gələcəkdə daha ciddi qayda pozuntularına səbəb ola biləcək davranışların qarşısını almaq üçün xəbərdarlıq funksiyası daşıyır.

 

 

Təhsil eksperti vurğulayır ki, daha ciddi qayda pozuntuları zamanı isə qırmızı kart nəzərdə tutulur:

 

 

"Məsələn, fiziki zorakılıq, döymə, bullinq, təhdid və şantaj, yaxud təhlükəli əşyalarla şagirdlərin həyatı üçün risk yaratmaq, ağır və təkrarlanan intizam pozuntuları bu qəbildəndir.

Qırmızı kart verildiyi zaman artıq məsələyə təkcə məktəb rəhbərliyi səviyyəsində yanaşılmamalıdır. Eyni zamanda, icra hakimiyyətinin nəzdində azyaşlılarla işin təşkili şöbəsinin əməkdaşları, eləcə də polis idarələrinin azyaşlılarla iş sahəsində çalışan mütəxəssisləri məktəbə dəvət olunmalı və məsələ digər qurumların müdaxiləsi ilə həll edilməlidir. Çünki burada artıq ciddi intizam pozuntusundan söhbət gedir və bunun çox ağır nəticələri ola bilər".

 

 

 Tuqay Rzazadə əlavə edir ki, bu nöqteyi-nəzərdən hesab edirəm ki, məktəb rəhbərliyi kartları təqdim edərkən, ilk növbədə, obyektiv yanaşmalıdır:

 

 

"Yəni şəxsi mülahizələrə deyil, şagirdin davranışlarına əsaslanmalıdır. Məsələn, müəllim və ya sinif rəhbəri hansısa şagirdə kart vermək istəyirsə, bunu şəxsi istəklərinə uyğun deyil, həmin şagirdin davranışlarını nəzərə alaraq etməlidir. Burada hər hansı sui-istifadə hallarına yol verilməməlidir.

Siz həmçinin bu yanaşmanın şagirdlərin davranışını düzəltmək üçün effektiv üsul olub-olmadığını soruşmusunuz. Hesab edirəm ki, bu, effektiv üsul ola bilər. Sadəcə, burada vacib məqam kartların haqlı və obyektiv şəkildə verilməsidir".


 

Nəticə olaraq isə bildirib ki, yəəssüf ki, bəzən sui-istifadə hallarına yol verilir:

 

"Məsələn, hansısa valideyn müəllimə hörmət etdiyi üçün yaşıl karta layiq olmayan şagirdə bu kart verilərsə, digər şagirdlər arasında narazılıq yarana bilər. Nəticədə yaşıl kart öz nüfuzunu itirə bilər. Eyni zamanda, hansısa şagirdin müəllimlə konflikti varsa və müəllim kiçik bir mübahisəyə görə həmin şagirdə qərəzli şəkildə sarı və ya qırmızı kart verirsə, bu da kartlara qarşı inamsızlığı artıra bilər.

Hesab edirəm ki, kartlar yerində verilməli və nəzarət gücləndirilməlidir. Məktəb rəhbərliyi və müəllimlər kartların təsirini və əhəmiyyətini azaltmamaq üçün onları həm cəza, həm də həvəsləndirmə məqsədilə yalnız buna layiq olan şagirdlərə təqdim etməlidirlər.


 

Ekspert hesab edir ki, kartlardan daha çox şagirdlərlə fərdi söhbətlərə üstünlük verməli və ümumiyyətlə, şagirdlər arasında intizam pozuntularının baş verməməsinə çalışılmalıdı:

 

"Məqsədimiz onları cəzalandırmaq deyil, cəzalandırılmalarına səbəb olan amilləri aradan qaldırmaq olmalıdır. Yəni şagirdlərin intizam pozuntularına yol verməməsi üçün çalışmalıyıq. Bunun üçün həm valideyn, həm məktəb, həm də müəllim birlikdə fəaliyyət göstərməlidir ki, şagirdlərin davranışlarına müsbət təsir göstərə bilək".

 

 

Səadət Əlizadə

#azərbaycan #gündəm #xəbər #hallarda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər