00:00:00
Yazar
Elmira Ağayeva
10.07.2026 20:15 34 2 dəq oxuma
Maraqlı

8 ay yeməksiz soyuqda qalan Arktika yer sincabının sirri alimləri niyə heyrətləndirir?

8 ay yeməksiz soyuqda qalan Arktika yer sincabının sirri alimləri niyə heyrətləndirir?

 

Təsəvvür edin, bir canlı səkkiz ay ərzində nə yemək yeyir, nə su içir, bədən temperaturu sıfır dərəcədən də aşağı düşür, ürəyi isə dəqiqədə cəmi bir neçə dəfə döyünür. İlk baxışdan bunun mümkün olmadığını düşünmək olar. Lakin Arktika yer sincabı məhz bunu bacarır. Dünyada heç bir digər məməli belə ekstremal şəraitdə sağ qala bilmir. Bu səbəbdən də son illər alimlərin diqqəti məhz bu kiçik gəmiriciyə yönəlib.


Arktika yer sincabı Kanada, Alyaska və Sibirin sərt iqlimində yaşayır. Yayın sonlarına doğru o, qışa hazırlaşmağa başlayır. Qarşıdakı uzun ayları nəzərə alaraq mümkün qədər çox qidalanır, orqanizmində yağ ehtiyatı toplayır.
Daha sonra təxminən bir metr dərinlikdə qazdığı yuvasına çəkilir. Bundan sonra onun həyatında tamamilə fərqli bir mərhələ başlayır. Qış yuxusu zamanı orqanizmdə demək olar ki, bütün həyati proseslər minimum səviyyəyə enir. Ürək döyüntüsü və nəfəsalma xeyli zəifləyir, maddələr mübadiləsi yavaşıyır. Ən maraqlı məqam isə bədən temperaturudur. Yerin üstü -20 dərəcəyə qədər donduğu halda, sincabın beyni 0 dərəcəyə, qarın nahiyəsi -2 dərəcəyə, arxa ayaqları isə -2,9 dərəcəyə qədər soyuyur. Bu, elmə məlum olan ən aşağı canlı məməli bədən temperaturu hesab edilir.

 

Bütün bunlara baxmayaraq, Arktika yer sincabı həyatını davam etdirə bilir. O, aylarla nə qida qəbul edir, nə də su içir. Orqanizmi yalnız topladığı yağ ehtiyatı hesabına fəaliyyət göstərir. Yaz gəldikdə və torpaq isinməyə başladıqda isə sanki heç nə olmamış kimi yenidən yer üzünə çıxaraq adi həyatına qayıdır.

 

Məhz bu xüsusiyyətlər alimlərin marağına səbəb olub.Tədqiqatçılar çalışırlar ki, bu heyvanın orqanizminin hüceyrələri belə ağır şəraitdə necə qoruduğunu müəyyən etsinlər. Çünki insan orqanizmində oksigensizlik və ya qan dövranının dayanması zamanı hüceyrələr qısa müddətdə zədələnir. Arktika yer sincabında isə bu baş vermir.

 

Mütəxəssislər hesab edirlər ki, bu mexanizmlərin öyrənilməsi gələcəkdə infarkt və insult keçirən xəstələrin müalicəsində, beyin zədələrinin qarşısının alınmasında, hətta uzunmüddətli cərrahi əməliyyatların daha təhlükəsiz aparılmasında mühüm rol oynaya bilər. Bu istiqamətdə aparılan araşdırmalar hələ davam etsə də, ilk nəticələr ümidverici hesab olunur.

 

Kosmik uçuşlarla bağlı araşdırmalarda da Arktika yer sincabının adı tez-tez hallanır. Alimlər hesab edirlər ki, əgər insan orqanizmində maddələr mübadiləsini müvəqqəti olaraq bu qədər yavaşlatmaq mümkün olsa, gələcəkdə uzunmüddətli kosmik missiyalar üçün də yeni imkanlar yarana bilər.

 

Kiçik olduğuna baxmayaraq, Arktika yer sincabı müasir elmin ən maraqlı tədqiqat obyektlərindən biridir. Onun qış yuxusu hələ də bütün sirləri ilə açılmasa da, alimlər inanırlar ki, bu kiçik canlının orqanizmində gizlənən mexanizmlər gələcəyin tibbində böyük dəyişikliklərə səbəb ola bilər. Bəzən təbiətin ən böyük kəşfləri məhz ən kiçik canlıların həyatında gizlənir.

 

Nuray Əliyeva

#Arktikayersincabı #araşdırma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər