00:00:00
Yazar
Nərmin Həşimova
09.05.2026 14:06 68 3 dəq oxuma
Siyasət

9 May - Faşizm üzərində Qələbə: Tarixin unudulmayan günü

9 May - Faşizm üzərində Qələbə: Tarixin unudulmayan günü

Hər il 9 may tarixi dünya tarixində mühüm hadisələrdən biri - İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qeyd olunduğu gün kimi anılır. Bu tarix, milyonlarla insanın həyatına son qoyan, böyük dağıntılara səbəb olan müharibənin başa çatmasını simvolizə edir. 9 may təkcə hərbi qələbə deyil, həm də insanlığın azadlıq, sülh və ədalət uğrunda mübarizəsinin rəmzidir. Azərbaycan xalqı da bu müharibədə fəal iştirak edib, minlərlə qəhrəman yetişdirib və qələbəyə öz töhfəsini verib. Bu gün həm də keçmişin dərslərini xatırlamaq və gələcək nəsillərə sülhün dəyərini izah etmək baxımından böyük əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı tarixçi Qasım Hacıyev “İnformator.az”a açıqlamasında bildirib ki, müharibə hər zaman dəhşətli hadisədir:


“Müharibə olan yerdə insan həyatı, rifah və sabitlik təhlükə altına düşür. Tarix boyu müharibələr müxtəlif səbəblərlə baş versə də, onları şərti olaraq ədalətli və ədalətsiz müharibələrə bölmək mümkündür. Öz maraqları naminə başqa dövlətlərə hücum edən tərəf bunu əsaslandırmağa çalışsa da, dünya ictimaiyyəti bu cür müharibələri ədalətsiz hesab edir. Bu baxımdan dünya müharibələri ən ağır və faciəvi müharibələr kimi tarixə düşüb. Çünki bu müharibələrdə təkcə ayrı-ayrı dövlətlər deyil, demək olar ki, bütün dünya iştirak edir. Nəticədə milyonlarla insan həyatını itirir, ölkələr dağıdılır, iqtisadiyyat çökür və cəmiyyətlər uzun illər bu fəsadların təsirindən çıxa bilmir. Birinci və xüsusilə, İkinci Dünya müharibəsi bu baxımdan bəşəriyyət tarixinin ən faciəli səhifələrindəndir. Bu müharibələrin yaranmasında Almaniyanın rolu danılmazdır. Xüsusilə, İkinci Dünya müharibəsi dövründə Almaniyada formalaşan nasist ideologiyası vəziyyəti daha da ağırlaşdırıb. Faşizm ideologiyası ilk dəfə Benito Mussolini vasitəsilə İtaliyada irəli sürülsə də, Adolf Hitler rəhbərliyi altında Almaniyada daha sərt və təhlükəli formaya çevrilib. Nasistlər özlərini üstün irq kimi təqdim edir, digər xalqlara qarşı nifrət və zorakılığı təşviq ediblər. Bu ideologiya nəticəsində milyonlarla insanın həyatı məhv olub. Almaniyanın qonşu dövlətlərə hücum etməsi ilə müharibə genişlənərək dünya miqyasına çatıb. Xüsusilə, SSRİ-yə qarşı hücum zamanı alman rəhbərliyi hesab edib ki, Sovet İttifaqı daxilindəki müxtəlif xalqlar mərkəzdən ayrılacaq. Lakin bu plan baş tutmayıb. Sovet İttifaqında müharibə dövründə ciddi nəzarət və qorxu mühiti hökm sürüb. İnsanlar kütləvi şəkildə səfərbər edilib, hərbi xidmətdən yayınanlar ağır cəzalara məruz qalıb. Bu səbəbdən bir çox insan istər-istəməz müharibəyə cəlb olunub. Buna baxmayaraq, cəbhəyə gedənlər öz borclarını vicdanla yerinə yetiririblər”.


Tarixçi qeyd edib ki, Azərbaycan xalqı da İkinci Dünya müharibəsində böyük fədakarlıq göstərib:


“Təxminən 700 min azərbaycanlı müharibədə iştirak edib, onların çoxu həlak olub. Eyni zamanda ölkəmiz cəbhəni mühüm resurslarla təmin edib. Xüsusilə, Azərbaycan nefti müharibənin taleyində həlledici rol oynayıb. Yanacaq təminatı olmadan hərbi texnikanın fəaliyyəti mümkün deyildi və bu baxımdan Azərbaycan böyük strateji əhəmiyyət daşıyıb. Bununla yanaşı, müharibədən sonra Azərbaycan xalqının bu xidmətləri lazımi səviyyədə qiymətləndirilməyib. Bir çox hallarda tarixi faktlar kölgədə qalıb, azərbaycanlı qəhrəmanların adı geniş şəkildə qeyd olunmayıb. Qeyd etmək vacibdir ki, faşizm hər hansı bir xalqın mahiyyəti deyil. Bu, müəyyən siyasi qüvvələrin yaratdığı ideologiyadır. Müasir Almaniya bu keçmişi qəbul edir və onu tarixinin qaranlıq səhifəsi kimi dəyərləndirir. Bu gün alman xalqını faşizmlə eyniləşdirmək düzgün olmaz. Nəticə etibarilə, İkinci Dünya müharibəsi bütün xalqlar üçün böyük faciə olub. Bu müharibə insan itkiləri, iqtisadi dağıntılar və mənəvi sarsıntılar baxımından bəşəriyyət tarixində dərin iz buraxıb. Bu hadisələr bir daha göstərir ki, müharibə heç vaxt çıxış yolu deyil və sülh bəşəriyyətin ən böyük dəyəridir”.

 



Cavahir Əagərbəyli

#9 may #faşizm #qələbə #müharibə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər