00:00:00
Yazar
Admin User
08.11.2025 22:24 178 2 dəq oxuma
Maraqlı

9 noyabr Dövlət Bayrağı Günüdür

9 noyabr Dövlət Bayrağı Günüdür

9 noyabr Azərbaycan üçün xalqın qürurunun göylərə qalxdığı gündür. Dövlət Bayrağı Günü üç rəngin tarixlə bu gün arasında körpü saldığı, milli yaddaşın yenidən oyanışıdır.

 

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli bayrağı qəbul edib. Mavi  türklüyü, qırmızı azadlığı, yaşıl isə mənəviyyatı simvolizə edir. Ay və səkkizguşəli ulduz millətin nurunu və bütövlüyünü ifadə edir. Həmin gün bu bayraq Bakıda ilk dəfə rəsmi olaraq qaldırılıb.

 

Lakin 1920-ci ilin aprelində Cümhuriyyət süqut edib, bayraq endirilib, amma xalqın qəlbində yaşayıb. 70 il sonra 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvanda yenidən ucaldılıb. Ardınca, 1991-ci il fevralın 5-də qəbul olunan qanunla bu bayraq yenidən Azərbaycanın dövlət rəmzi olub.

 

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb və həmin tarix rəsmiləşib.

 

Bu bayraq:

 

20 Yanvarın qaranlığında şəhid qanı ilə müqəddəsləşib, Qarabağın küləklərindən keçib sınmayıb, Şuşada yenidən ucalaraq millətin həsrətini sevincə çevirib.

 

Bu gün üç rəng hər yerdə dalğalanır -

məktəbdə balaca uşağın əlində ümid kimi,

şəhid məzarının üstündə sədaqət kimi,

hər evin, hər küçənin üzərində birlik kimi görünür.

 

9 Noyabr bizə yalnız bayrağı deyil, kimliyimizi xatırladır. Bu bayraq rüzgarla deyil, xalqın ürək döyüntüsü ilə dalğalanır. Və hər dalğalanışda bir həqiqəti deyir:

 

"Mən əyilmədiyim kimi, siz də əyilməyin".

 

Banuçiçək Məmmədova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər